"Qarabağ” yenidən yüksəlişə doğru gedir? - AÇIQLAMA

 16:18 21.08.2026     320

"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib. Enshede şəhərində baş tutan qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Bu Qarabağın dönüşü ola bilər?

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bölüşən "CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov bildirdi ki, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində səfərdə Niderland təmsilçisi “Tvente”yə qalib gəlməsi bir çoxlarını təəccübləndirdi:

"Çünki heyətində kifayət qədər zədəli futbolçuların olması, yeni transferlərin edilməsi ilə birlikdə yenidən qurulan bir “Qarabağ” izləyirik. “Qarabağ” bir növ, necə deyərlər, qabıq dəyişir. Bu da müəyyən mənada “Qarabağ”ın və Qurban Qurbanovun ənənəvi oyun planının icrasında müəyyən çətinliklər yaradır. Bunu “Dinamo Kiyev” matçında da izləmişdik. Amma həqiqətən də Qurban Qurbanovun komandasında olan mübarizliyi biz meydanda gördük. Xüsusilə oyunçuların mövqe dəyişiklikləri, məsələn, sağ vingerdə oynayan futbolçunun sol vinger mövqeyində çıxış etməsi, sol cinahda çox önəmli və sürətli keçidlər, rəqibin xüsusilə müdafiədə mövqe sığortalarında yaranan problemlərdən maksimum şəkildə yararlanması nəticə etibarilə “Qarabağ”a üstünlük qazandırdı və komanda Kadi Borgesin vurduğu qolla qalib gəldi".

Müsahibimiz əlavə etdi ki, “Qarabağ”da illərə dayanan bir strategiya, bir sistem var:

"Təbii ki, futbol elə bir idman növüdür ki, burada sistem dəyişilməsə belə, oyunçu profilləri dəyişə bilər. Sistem dəyişməyib, oyunçu profilləri dəyişdikdə isə müəyyən mənada onların uyğunlaşması baxımından müəyyən problemlərin olduğunu şahid oluruq. “Qarabağ”da bu, mövsümün əvvəlində də var idi. Hətta bu gün də mən deyərdim ki, müdafiə olunmada xüsusilə müəyyən problemlər qalmaqdadır. Bədavi-Bahlul çox yaxşı təsir bağışlamasına rəğmən, Medina ilə xüsusilə tandemi dünən uğurlu alınsa belə, etiraf edək ki, müəyyən boşluqlar var və müdafiə olunmada bu, müəyyən problemlər yarada bilər. Təbii ki, “Qarabağ”da Qurban Qurbanov varsa, klubun idarə heyətinin üzvləri, xüsusən klub rəhbərliyi dəyişməz olaraq qalır. Yəni dəyişilməyən əsas amillər bunlardır və onlar da dəyişilmədiyi müddətcə “Qarabağ”ın uğurlu formulu, müəyyən axsaqlıqlar olsa belə, enişli-yoxuşlu qrafiklə davam etsə belə, yüksəlişə doğru irəliləyəcək. Çünki bir strategiya var, bir hədəf var və Qurban Qurbanov faktoru var".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən