"Barselona" çempionata darmadağınla başladı: yeni transferlərdən biri qol vurdu, digəri 2 assist etdi

 01:43 24.08.2026     616

İspaniya La Liqasının 2026/27 mövsümündə ilk rəsmi oyununa çıxan son çempion “Barselona” səfərdə “Elçe”ni böyük hesabla məğlub edib.

Redaktor.az xəbər verir ki, Kataloniya təmsilçisi Elçedə keçirilən qarşılaşmada rəqibinin qapısından 5 cavabsız top keçirib – 0:5.

“Barselona”nın heyətində hesabı 14-cü dəqiqədə Rafinya açıb. Braziliyalı futbolçu ikinci qolunu da 67-ci dəqiqədə vuraraq komandasının üstünlüyünü artırıb.

İlk hissənin əlavə olunmuş 3-cü dəqiqəsində komandanın yeni transferlərindən Kərim Adeyemi fərqlənib. Almaniyalı hücumçu əsas heyətdə meydana çıxıb və debütünü qolla qeyd edib. Onun qoluna assisti Rafinya verib.

“Barselona”nın digər yeni transferi Entoni Qordon da qarşılaşmada məhsuldar oyun nümayiş etdirib. 65-ci dəqiqədə meydana daxil olan ingiltərəli futbolçu 67-ci dəqiqədə Rafinyanın, 71-ci dəqiqədə isə Fermin Lopezin qollarında məhsuldar ötürmə ilə yadda qalıb.

Fermin Lopez qarşılaşmanın son bölümündə daha bir dəfə – 79-cu dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib. Bu qolda assisti Xavi Espart verib.

Qeyd edək ki, yeni transferlərdən Joao Kanselo da oyunun sonlarında meydana daxil olub. Beləliklə, “Barselona” mövsümün ilk rəsmi matçında yeni transferlərinin iştirakı ilə inamlı qələbə qazanıb.

Qollar: Rafinya – 14, 67; Kərim Adeyemi – 45+3; Fermin Lopez – 71, 79.

Assistlər: Rafinya – 1, Entoni Qordon – 2, Xavi Espart – 1.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən