Azərbaycan və Özbəkistanın “İki ölkə - bir çempionat” planı nə vəd edir? - AÇIQLAMA 

 13:15 25.08.2026     376

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan və Özbəkistanın ev sahibliyi edəcəyi gənclər arasında futbol üzrə dünya çempionatı ilə bağlı “İki ölkə – bir çempionat” proqramının hazırlanmasını təklif edib. Proqram çərçivəsində idmanla yanaşı, mədəniyyət və gənclər tədbirlərinin də birləşdirilməsi nəzərdə tutulur.

Bu təşəbbüs Azərbaycan və Özbəkistan arasında idman əməkdaşlığının inkişafına və iki ölkənin gəncləri arasında əlaqələrin daha da güclənməsinə necə təsir göstərə bilər?

Redaktor.az-a danışan idman jurnalisti Kənan Məstəliyev qeyd etdi ki, Azərbaycan və Özbəkistan arasındakı bu əməkdaşlığın həyata keçirilməsinə, yəni münasibətlərin bu səviyyəyə çatmasına ancaq sevinmək olar:

"Çünki Azərbaycan və Özbəkistan qardaş ölkələrdir. Dinimiz, dilimiz, mədəniyyətimiz, tariximiz eynidir, eyni kökdən gəlirik. Həmişə dostluq və qardaşlıq əlaqələrimiz yüksək səviyyədə olub. Bu ölkə müxtəlif sahələri əhatə edən müqavilələrin imzalanması, düşünürəm ki, çox vacib məqamdır. Tarixi baxımından xüsusi qeyd olunası hadisədir. Düşünürəm ki, bu, müstəqillik dövrümüzün mühüm hadisələrindən biridir".

Kənan Məstəliyev:' 'Qarabağın“ nəhənglər liqasına vəsiqə qazanması  fantastik nəticədir'

Müsahibimiz əlavə etdi ki, Özbəkistan təkcə futbol və populyar idman növləri ilə seçilən ölkə deyil, ümumiyyətlə, bütün idman sahələrində kifayət qədər inkişaf etmiş ölkədir:

"Təbii ki, Azərbaycan da idman ölkəsidir. Azərbaycanda idman inkişaf edib. Bizim dünya və Avropa səviyyəli idmançılarımız, idman mütəxəssislərimiz, Olimpiya çempionlarımız var. İl ərzində dəfələrlə mötəbər turnirləri Bakıda və Azərbaycanın müxtəlif şəhərlərində keçiririk. Yəni Azərbaycan da idman ölkəsidir. Eyni zamanda, Özbəkistanda da son illərdə idmana münasibət çox yüksək səviyyəyə çatıb. Özbəkistan idmanı təkcə regionun deyil, artıq dünyanın ön sıralarında yer alan ölkələrdən birinə çevrilməyə başlayıb".

Ekspertin sözlərinə görə, Özbəkistan idman baxımından çox yüksək səviyyədə inkişaf edib və istər bizim onlardan, istərsə də onların bizdən öyrənəcəyi, bir-birimizə ötürə biləcəyimiz çox şey var:

"Biz təcrübəmizi, bilik və bacarıqlarımızı bölüşə bilərik. Bu isə hər iki ölkənin idmanına, gənclər siyasətinə və ümumiyyətlə, digər sahələrinə çox müsbət təsir göstərə bilər. Bir-birimizin inkişafına və irəli getməsinə mühüm töhfə verə bilərik. Ona görə də düşünürəm ki, belə əlaqələrin möhkəmləndirilməsinə, münasibətlərin dövlət səviyyəsində daha da inkişaf etdirilməsinə ancaq və ancaq sevinmək və bunu alqışlamaq olar".

Xədicə BAXIŞLI

 

Vumart və Güvən reklamı Vumart Güvən