“Son saniyədə vurulan qol “Hapoel”i psixoloji olaraq sındırdı” - Aslan Kərimov

 17:09 26.08.2026     386

""Sabah" ilə "Hapoel" matçının gedişatına baxsaq, belə bir oyun olacağını hamımız gözləyirdik. Çətin və ağır bir oyun oldu. Baxmayaraq ki, əlavə vaxtda hesab 5:2 ilə nəticələndi, amma ümumilikdə, əsas vaxtda bunun heç də asan olmayacağı açıq-aydın görsənirdi".

Bu fikirləri Redaktor.az-a AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov səsləndirdi.

Onun fikrincə, oyunun başlanğıcını o qədər də yaxşı başlaya bilmədik:

"Nə ilə əlaqəli olduğunu demək çox çətindir, amma bəlkə həyəcan idi, bəlkə böyük bir məsuliyyət idi. Oyunçular qarşısında bu, çox vacib, sonuncu mərhələ idi ki, tarix yaza bilərdilər və bu psixoloji durum bəlkə də oyunçuların oyuna ilk dəqiqələrdən psixoloji olaraq bir qədər gərgin başlamasına gətirib çıxarıb. Dəqiq deyə bilmərəm, amma məncə, oyunçular bu səbəbdən çox gərgin görünürdülər və bu gərginlik səbəbindən də biz oyunun başlanğıcını demək olar ki, kobud səhvlərlə yadda saxladıq. Epizodun birində ofsayd oldu, yaxşıdır ki, qol sayılmadı, amma digər epizodda isə artıq rəqibimiz hesabı açmağı bacardı. Yalnız hissənin sonuna yaxın biz yavaş-yavaş özümüzə gəlməyə başladıq. Yenə də, öncə təxmin etdiyimiz kimi, “Sabah”ın qol imkanlarının olacağını bilirdik. Çünki hücum potensialı çox yaxşı idi və bu qol imkanlarını yalnız reallaşdırmaqla bağlı bizim çətinliklərimiz olurdu. Bəzən dirək kömək olurdu, bəzən oyunçularımız qeyri-dəqiq olurdular.  Amma ilk hissənin sonuna yaxın qol vurmağı bacardıq və birinci hissəni 1:1 hesabı ilə başa vurduq".

Müsahibimiz əlavə etdi ki, ikinci hissənin başlanğıcında da yenə kobud bir səhvə yol verdik, rəqibimiz ikinci qolu vurdu:

"Bundan sonra üst-üstə gələn qol imkanları, qaçırılan qol imkanları da oldu. Amma buna baxmayaraq, o əzmkarlıqla, bəlkə də bizim motivasiyamızın rəqibimizdən daha yüksək olması nəticə etibarilə ona gətirib çıxardı ki, Umarali axır ki, uzaqdan vurduğu zərbə ilə hesabı bərabərləşdirdi. Amma ümumi hesabda yenə də bir top geridə idik. Düzü, bu cür oyunlarda və belə bir rəqibə qarşı üçüncü qolu vura biləcəyimiz çox az vaxt qalırdı. Amma buna baxmayaraq, son saniyələrdə biz ümumi hesabı bərabərləşdirib oyunu uzatmalara çıxara bildik".

A.Kərimovun sözlərinə görə, bu qolu biraz dejavu yaşatdı bizə:

"Bu, həm Bəhlulun “Qarabağ”la “Ayntraxt” oyununda, belə deyək, qrup mərhələsindən çıxmaqdan ötrü vurduğu üçüncü qola, son saniyələrdə vurulan üçüncü qola bənzədi, həm də Tellurun yenə “Qarabağ”a qarşı kubok oyununda son saniyələrdə vurduğu qolu xatırlatdı. Bu, belə deyək, komandanın xilaskarıdır. Yəni sevindirici haldır ki, hər iki oyunda yerli oyunçumuz Tellur Mütəllimov olur. Bundan sonra məncə, oyunda “Sabah”ın qələbə qazanacağına heç kim şübhə eləmir. Yəni mən, ən azından, "Hapoel"in hansı psixoloji durumda olduğunu təsəvvür edə bilmirəm. Təsəvvürünüzə gətirin ki, artıq hakim fiti ağzına qoyur ki, bu cərimə zərbəsi artıq bitir. Yəni zərbədən sonra topa ilk toxunuşu "Hapoel" oyunçuları eləsəydilər, artıq oyun bitmiş olurdu. Belə bir saniyədə bu qədər güc qoyub artıq mərhələ adlayırsan və onlar da, ilk dəfə olacaqdı ki, Çempionlar Liqasının liqa mərhələsinə çıxacaqdılar. Belə bir anda rəqib sənə qol vurur və demək olar ki, psixoloji olaraq tamamilə sınmış olursan. Bundan sonra qalxmaq çox çətin idi rəqib üçün. “Sabah” bundan da məharətlə istifadə elədi. Rəqibə qırmızı kart aldırdı və sonda da iki qol vuraraq bu mərhələni adlayan tərəf oldu. Və tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə adladı".

Ekspert bildirdi ki, bundan sonra daha ağır rəqiblər gözləyəcək:

"Necə olacağını deyə bilmərəm. Amma bunu “Qarabağ” Çempionlar Liqasına düşəndə də qeyd eləmişdim, indi də qeyd eləmək istəyirəm ki, biz azərbaycanlı olaraq bu mərhələlərdə yalnız və yalnız “Sabah”ın oyunlarına baxıb həzz almalıyıq. Yəni Çempionlar Liqasının liqa mərhələsinə düşmək və burada dünyanın ən güclü klublarını Azərbaycanda görmək və yaxud da onların meydançasında oynamaq – bu, həqiqətən də, bir futbol bayramıdır. Yenidən Çempionlar Liqasının o himnini, o musiqisini stadionlarımızda eşitmək, komandalarımıza dəstək olmaq – bundan daha yaxşı bir bayram ola bilməz. Sevindirici hal da odur ki, bu, 8 oyundur. 8 oyun demək olar ki, qış fasiləsinə qədər, səhv eləmirəmsə, yanvar ayına qədər “Sabah” dünyanın ən üst səviyyəli turnirlərindən biri olan Çempionlar Liqasında iştirak edəcək. Ona görə də buna yalnız baxmaq və baxıb həzz almaq lazım gələcək. Təbii ki, güclü rəqiblər də düşəcək. Belə deyək, “Top-5” futbol ölkələrinin çempionatlarından - Premyer Liqadan, İspaniya La Liqasından, Fransadan və digər bu ölkələrin çempionları ilə və yaxud da ikinci yer tutanları ilə Çempionlar Liqasında qarşılaşacaqlar. Bundan daha yaxşı heç nə ola bilməz!".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən