"Real Madrid" darmadağınla qalib gəldi: Mbappe het-trik etdi
İspaniya La Liqasının II turu çərçivəsində keçirilən qarşılaşmada "Real Madrid" öz meydanında "Real Sosyedad"ı qəbul edib və 4:1 hesabı ilə üstün olub.
Redaktor.az xəbər verir ki, mütləq üstünlüklə keçən matçda hesabı 40-cı dəqiqədə Federiko Valverdenin ötürməsindən sonra Kilian Mbappe açıb. Qonaqlar ilk hissənin sonlarına yaxın, 44-cü dəqiqədə Luka Suçiçin dəqiq zərbəsi ilə hesaba tarazlıq gətiriblər — 1:1.
Fasilədən sonra hücumlarını artıran Madrid təmsilçisi qələbəni təmin edən qolları ard-arda vurub. Görüşün 60-cı dəqiqəsində Cud Bellingemin asistini qola çevirən Kilian Mbappe komandasını yenidən öne keçirib. Oyunda təşəbbüsü tamamilə ələ alan meydan sahibləri 68-ci dəqiqədə fərqi artırıblar; bu dəfə də Cud Bellingemin ötürməsini Vinisius Junior dəqiq tamamlayıb. Qarşılaşmanın 80-ci dəqiqəsində isə sahəyə damğasını vuran Kilian Mbappe, Vinisius Juniorun ötürməsindən yararlanaraq het-trikini rəsmiləşdirib və matçın son nöqtəsini qoyub — 4:1.
Görüşün əlavə olunmuş 90+1-ci dəqiqəsində Brahim Diasın vurduğu qol VAR müdaxiləsindən sonra oyundankənar vəziyyət səbəbindən ləğv edilib.
Oyunun statistik göstəriciləri:
- Topa sahibolma: "Real Madrid" 51% – 49% "Real Sosyedad"
- Gözlənilən qol (xG): 3.14 – 0.57
- Qapıya dəqiq zərbələr: 11 – 3
- Qazanılan ikili mübarizələr: 56% – 44%
Matç boyunca "Real Madrid"dən Alvaro Karreras (10-cu dəqiqə), İbrahima Konate (73-cü dəqiqə) və Eduardo Kamavinqa (90+4-cü dəqiqə), qonaqlardan isə Yangel Errera (31-ci dəqiqə), Xon Aramburu (45+2-ci dəqiqə) və Luken Beitia (71-ci dəqiqə) sarı vərəqə ilə cəzalandırılıblar.
Turan ASLAN













