“Yeni heyətin formalaşması üçün zamana ehtiyac var” – “Qarabağ”ın məğlubiyyətinə REAKSİYA
“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində Niderlandın “Tvente” klubuna 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Baş məşqçi Qurban Qurbanov oyundan sonra komandanın kifayət qədər səhvlərə yol verdiyini, xüsusilə hücum xəttində çatışmazlıqların olduğunu bildirib. Eyni zamanda, heyətin yeni olduğunu və komandanın tam formalaşması üçün zamana ehtiyac duyulduğunu qeyd edib. Qarşılaşmanın nəticəsi Azərbaycan futbolunun Avropa arenasındakı çıxışları ilə bağlı müəyyən suallar da yaradıb.
Bəs “Qarabağ”ın “Tvente”yə qarşı 1:4 hesablı məğlubiyyətinin əsas səbəbləri nələr oldu? Komandanın heyətinin yenilənməsi və hücum xəttindəki problemlər nəticəyə nə dərəcədə təsir etdi və “Qarabağ” bu çatışmazlıqları aradan qaldırmaq üçün hansı istiqamətlərdə çalışmalıdır?
Redaktor.az-a danışan AFFA-nın Məşqçilərin Maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bildirdi ki, dünənki məğlubiyyətə bir səbəb deyil, bir neçə səbəb təsir etdi:
"Biz birinci oyunu udduq, ikinci oyunda məğlub olduq. Yəni ümumi hesabda biz mərhələni adlaya bilmədik, Liqa mərhələsinə düşə bilmədik. Bu iki oyunun ikisini də götürəsi olsaq, ümumiyyətlə, bəlkə də “Qarabağ”ın Avroliqadan başlayan, Konfrans Liqasına qədər davam edən yolunu götürsək, bütün bu prosesə ümumi dəyər verə bilərik. Əslində bundan əvvəlki oyunlarda da eyni çatışmazlıqlar bəzən sezilirdi. Amma oyunun içində bəzi məqamlar var idi ki, keçənilki “Qarabağ” olsaydı, bəlkə də həmin epizodlarda qol vurub mərhələni adlayan tərəf olacaqdı".
Müsahibimizin fikrincə, baş məşqçinin dediyi kimi, yeni kollektivin olması, birdən-birə bu qədər oyunçunun gedib, əvəzinə başqa, yeni oyunçuların gəlməsi istənilən komanda üçün yenidənqurma prosesinə başlayarkən bu cür başlanğıc oyunlara birmənalı şəkildə təsir edir:
"İstər “Qarabağ” olsun, istər digər komanda olsun. Çünki bəlli, oturuşmuş bir heyət məsələsi var. O heyət illərdir bir-biri ilə məşq edir, bir-biri ilə olan gedişlər, kombinasiyalar üzərində işləyir. Birdən-birə hər şeyi dəyişəndən sonra yeni qruplar, yeni, belə deyək də, oyundakı cütlüklər və üçlüklər istər-istəməz bir-birlərini bəzən başa düşə bilmirlər. Oyunun ümumi komanda üslubunu anlamaq da onlar üçün bir qədər çətin olur. Buna bir zaman lazım gəlir. Adətən klublar bunu bir oyunçu, iki oyunçu ilə edirdilər. Yəni, məsələn, “Qarabağ” hər dəfə dəyişiklik edəndə, yeni oyunçu alanda, yadınızdadırsa, bir-iki oyunçu əlavə gəlirdi. Ümumi onurğanı saxlayırdılar, bir-iki oyunçu gəlirdi. O bir-iki oyunçu da gələn kimi oynamırdı. Bir müddət, demək olar ki, iki-üç ay komandaya adaptasiya olmaq dövrünü keçirirdi, sonra yavaş-yavaş ehtiyatdan oyuna daxil olurdu. Bu il elə oldu ki, keçənilki Çempionlar Liqasından sonra və o mərhələdən də keçdikdən sonra bir çox oyunçulara təkliflər gəldi, bir çox oyunçuların yaş məsələləri ortaya çıxdı ki, artıq fiziki baxımdan performansları bir qədər aşağı düşür və birdən-birə bir neçə oyunçunu satmalı oldular".
A.Kərimov qeyd etdi ki, bunu əslində klubun günahı kimi qələmə vermək düzgün olmaz:
"Bir oyunçuya daha böyük məbləğ, ikiqat məbləğ əklif edirlərsə, onu klubda saxlayıb həmin məbləğdən məhrum etmək, ən azından sosial baxımdan, doğru yanaşma sayılmır. İkinci tərəfdən də, o oyunçular qalmaq istəsəydi, onları necə saxlayacaqdın? Saxladığın halda da onlar sənin üçün ürəklə oynayası deyildilər. Bu baxımdan onları satmaq məcburiyyətində qaldılar. Digər məsələ isə komandaya yeni gələn futbolçularla bağlıdır. Qurban Qurbanov tez-tez Zubirin nümunəsini çəkir. O, komandaya gəldikdən sonra zədə problemi yaşamadan və yüksək peşəkarlıq nümayiş etdirərək qısa müddətdə uyğunlaşdı. Amma hər transferdə belə futbolçulara rast gəlmək mümkün deyil. İstər-istəməz fərqli xarakterə malik oyunçular da olur. Bəzən ağır xarakterli və idarə olunması daha çətin olan futbolçularla işləmək lazım gəlir. Belə oyunçuların komandaya uyğunlaşması daha uzun çəkə bilər. Bəzən isə yeni transfer gedən futbolçunun yerini tam şəkildə doldura bilmir. Bütün bunlar komandanın çıxışına təsir göstərir. Zədə məsələsi də bu prosesi daha da çətinləşdirir. Yeni gələn futbolçuların zədələnməsi onların komandaya adaptasiya müddətini uzadır. İki-üç oyunçunun zədələnməsi isə həmin futbolçuların əvəzlənməsi ilə bağlı əlavə problem yaradır. Xüsusilə cavab oyunu öncəsi zədəli futbolçuların olmaması “Qarabağ” üçün ciddi itki idi".
Mütəxəssis hesab edir ki, həmin futbolçular meydanda olsaydılar, cavab oyununda daha yaxşı performans göstərə və komandaya böyük üstünlük qazandıra bilərdilər:
"Amma təəssüf ki, heç kim zədədən sığortalanmayıb. Bütün bunlarla yanaşı, rəqib amilini də nəzərə almaq lazımdır. Rəqib sənə qarşı daha əzmkar və ciddi yanaşırsa, qələbəyə daha çox köklənirsə, onun da oyunda üstünlük əldə etmək və qalib gəlmək imkanları artır. Bütün bu amillər bir araya gəldikdə, uğursuz nəticənin ortaya çıxması mümkündür".
Mütəxəssis vurğuladı ki, “Qarabağ” strategiyasını dəyişməməlidir:
"Çünki tutduğu yol komandanı bu qədər böyük uğurlara gətirib çıxarıb. Buna görə də həmin yoldan dönmək düzgün olmazdı. Sadəcə, bu prosesdə müəyyən çətinliklərlə üzləşmək normaldır. Komanda əvvəllər bu qədər böyük sayda futbolçunun eyni vaxtda ayrılması, çox sayda yeni oyunçunun gəlməsi və ardınca ciddi zədə problemlərinin yaranması ilə qarşılaşmamışdı. Bu təcrübə də klub üçün böyük dərs olacaq. Bundan sonra da oyunçu transferləri davam etməlidir. Komanda müəyyən mövqelərə yeni futbolçular cəlb etmək məcburiyyətindədir. Bununla yanaşı, oyun fəlsəfəsi və oyun üslubu dəyişməməlidir. Sadəcə, yeni futbolçuları sınamaq, onların komandaya uyğunlaşmasına şərait yaratmaq lazımdır. İnanıram ki, “Qarabağ” yenidən həmin zirvələrə qalxacaq. Çünki komanda bu yolu bir dəfə düzgün gedərək uğur qazanıbsa, yenidən uğur əldə etmək potensialına malikdir. Sadəcə, bunun üçün bir qədər zaman və səbir lazımdır".
Xədicə BAXIŞLI













