""Sabah"ın 1 xal qazanması belə uğursuzluq sayılmamalıdır" - İdman eksperti

 17:13 28.08.2026     457

"“Sabah”ın rəqibləri elə komandalardır ki, onlar haqqında xüsusi danışmağa ehtiyac yoxdur. Avropanın nəhəngləridirlər, Çempionlar Liqasının dəfələrlə qalibi olmuş, böyük uğurlar qazanmış və böyük tarixə malik komandalardır. Onlarla bir sırada cəmi 9 yaşı olan “Sabah” klubunun adının çəkilməsi Azərbaycan futbolu üçün böyük hadisədir".

Bu fikirləri Redaktor.az-a “Sabah”ın “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund), “Napoli” kimi Avropanın güclü klubları ilə eyni mərhələdə mübarizə aparması haqqında danışan idman jurnalisti Kənan Məstəliyev bildirdi.

Ekspertin sözlərinə görə, bu nəhənglərlə qarşılaşmaq şansı, həm klub, həm də Azərbaycan futbolu üçün böyük hadisədir:

"Bakıya “Barselona”, “Napoli”, “Borussiya” gələcək. Çempionumuz isə “Arsenal” və “Mançester Yunayted” səfərlərində olacaq. Yəni bizi çox gözəl, ən azı 4 aylıq futbol dövrü gözləyir. Rəqiblərə gəldikdə, qeyd edim ki, püşk heç də asan olmayıb. Deyərdim ki, ən çətin püşk məhz “Sabah”a düşüb və bu, artıq rəsmidir. Statistikaları və mütəxəssislərin fikirlərini nəzərə aldıqda görmək olar ki, 36 komanda arasında ən çətin rəqiblər məhz “Sabah”a düşüb. Amma bundan üzülmək lazım deyil. Bu, işin başqa tərəfidir. Böyük bir futbol bayramına şahidlik etmək imkanımız olacaq. Prosesdən zövq almaq lazımdır. Böyük futbolçuların, güclü komandaların oyununu canlı izləmək şansı əldə edəcəyik. Futbolçularımız onlarla oyunlarda təcrübə qazanacaq, özlərini göstərmək imkanı əldə edəcəklər. Azərbaycan futboluna da maraq artacaq. Bu, həm “Sabah”ın, həm də digər klublarımızın inkişafına təkan verəcək. Xal baxımından düşünürəm ki, “Sabah”ın 4-6 xal qazanması uğurlu nəticə hesab oluna bilər. Hətta mən deyərdim ki, 1 xal qazanması belə uğursuzluq kimi qəbul edilməməlidir. Çünki “Sabah”ın cəmi 9 yaşı var. Komanda Çempionlar Liqasında debüt edir və debüt ilində də qrup mərhələsinə yüksəlib. Bunun özü belə böyük uğurdur. Hətta 1 xal qazansa, qrupda sonuncu yeri tutsa belə, biz “Sabah”ı qınamamalıyıq".

O əlavə etdi ki, bu komandadan ləyaqətli mübarizə, döyüşkənlik və əzmkarlıq gözləyə bilərik:

"Məğlubiyyət hər kəsin başına gələ bilər. Ona görə də əsas məsələ, bir daha deyirəm, meydanda rəqibin adından və kimliyindən qorxmamaq, öz oyununu ortaya qoymaq, ləyaqətli mübarizə aparmaq və Azərbaycanı layiqincə təmsil etməkdir. Bu olarsa, nəticələr ikinci plana keçəcək. Növbəti mərhələyə yüksəlmək barədə indidən düşünmək lazım deyil. Hazırda komandamızın qarşısında əsas hədəf ləyaqətli mübarizə aparmaq və mümkün qədər yaxşı nəticələr əldə etməkdir. Növbəti mərhələyə yüksəlmək mümkün olsa, əlbəttə ki, bu, çox yaxşı nəticə olar. Amma bu hədəfin reallaşmaması da komandaya qarşı mənfi münasibət formalaşdırmaq üçün əsas olmamalıdır. Əsas odur ki, komandamız meydanda ləyaqətli mübarizə aparsın, rəqiblərindən çəkinməsin və Azərbaycan futbolunu layiqincə təmsil etsin".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən