“Qarabağ” bacardı, “Sabah” niyə bacarmasın? - “Mançester Yunayted” qarşısında böyük sınaq
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda Azərbaycanı təmsil edən “Sabah” klubu tarixinin ən böyük sınaqlarından birinə çıxacaq. Bakı təmsilçisi sentyabrın 10-da səfərdə İngiltərənin “Mançester Yunayted” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da İngiltərənin Mançester şəhərində yerləşən “Old Trafford” stadionunda başlayacaq.
Avropanın ən nüfuzlu klub turnirində ilk dəfə Liqa mərhələsində mübarizə aparacaq “Sabah” üçün bu oyun həm də böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycan klubu turnirin əsas mərhələsinə yüksəlməklə artıq ölkə futbolu tarixində əlamətdar uğura imza atıb. İndi isə komandanı Avropanın ən tanınmış klublarından biri ilə qarşılaşma gözləyir.
“Old Trafford”da keçiriləcək görüşdə “Sabah” güclü rəqib qarşısında öz oyununu nümayiş etdirməyə və turnirə uğurlu start verməyə çalışacaq. “Mançester Yunayted” isə doğma meydanda ilk turdan etibarən maksimum nəticə qazanmaq niyyətindədir.
Oyunla bağlı fikirlərini Redaktor.az-a bölüşən idman jurnalisti Orxan Sübhan “Sabah”ın şanslarını dəyərləndirdi və ehtiyatlı mövqe sərgilədi:

"Əgər birinci oyun, misal üçün, “Slaviya” ilə Bakıda olsaydı, bərabər rəqibdir, normal oynamaq olardı, hətta qələbə qazanmaq da mümkün idi. Mənə elə gəlir ki, “Slaviya”nı Bakıda udacağıq. Ancaq mənim yadımda “Qarabağ”ın Çempionlar Liqasındakı debüt oyunu var. O vaxt qrup mərhələsində “Çelsi” ilə oynamışdı və “Qarabağ” altı top buraxmışdı. Çünki təcrübəsiz idi. Bax, indi eyni vəziyyət “Sabah”da da var. “Sabah”ın belə oyunlarda təcrübəsi yoxdur. Birinci oyun İngiltərədədir, özü də “Mançester Yunayted”ə qarşıdır. Həmin “Mançester Yunayted” də uzun illərdir Çempionlar Liqasında oynamır. Səhv etmirəmsə, 1000 gündən sonra Çempionlar Liqasında oyuna çıxırlar. Özü də doğma azarkeşləri qarşısında. Bu, onlar üçün də ilk oyundur. İngiltərə Premyer Liqasına da mövsümə o qədər yaxşı başlamayıblar. Ona görə istəyəcəklər ki, ilk oyunda qələbə qazansınlar, özü də böyük hesabla. Mənim ehtiyat etdiyim məsələ budur. Bir tərəfdən də Dombrauskasın İngiltərə futbolunu yaxşı tanıması məni ümidləndirir. Düşünürəm ki, “Sabah” oradan ən azı böyük hesabla uduzmadan qayıda bilər. Məsələn, “Qarabağ” ötən mövsüm Çempionlar Liqasında “Benfika” ilə oynayanda da heç kim inanmırdı ki, səfərdə “Benfika”nı uda bilər. Amma “Qarabağ” bunu bacardı. Ona görə də niyə “Sabah” Mançester səfərindən xalla, hətta bir və ya üç xalla qayıtmasın? İnşallah, uğurlu olar. Hamımız “Sabah”a inanırıq, güvənirik və daim dəstəyik. İnşallah, “Sabah” sərfəli nəticə ilə qayıdar".
NURİYYƏ













