“Qalatasaray” Portuqaliyadan xalsız qayıdır - Çempionlar Liqası

 01:01 10.09.2026     405

UEFA Çempionlar Liqasında “Qalatasaray” səfərdə “Sportinq”lə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Portuqaliyada keçirilən görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Matça fəal başlayan İstanbul təmsilçisi 5-ci dəqiqədə hesabı açıb. “Sportinq”in müdafiəçisi Qonsalo İnasionun avtoqolu “Qalatasaray”ı önə keçirib.

Meydan sahibləri 27-ci dəqiqədə hesabı bərabərləşdiriblər. Jeni Katamo fərqlənərək tablodakı rəqəmləri 1:1 edib.

İkinci hissədə daha fəal təsir bağışlayan “Sportinq” qısa müddət ərzində iki dəfə rəqib qapısına yol tapıb. Əvvəlcə 57-ci dəqiqədə Luis Suares hesabı 2:1 edib. 63-cü dəqiqədə isə Rodriqo Salasarın qolu Portuqaliya klubunun üstünlüyünü daha da artırıb.

Qalan dəqiqələrdə “Qalatasaray” hesabı dəyişə bilməyib və qarşılaşma “Sportinq”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Maraqlıdır ki, topa sahib olma baxımından İstanbul təmsilçisi rəqibini üstələyib. “Qalatasaray” görüş ərzində topa 61 faiz nəzarət edib. “Sportinq”də bu göstərici 39 faiz olub.

Qapıya dəqiq zərbələrin sayında da ciddi fərq qeydə alınmayıb – meydan sahibləri 5, qonaqlar isə 3 dəqiq zərbə endirib. Gözlənilən qol (xG) göstəricisi isə “Sportinq”də 1,58, “Qalatasaray”da 1,05 olub.

Beləliklə, daha az topa sahib olmasına baxmayaraq, “Sportinq” hücumlarda daha effektiv oynayaraq 3 xalı aktivinə yazdırıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən