""Sabah" Azərbaycan futbolunun sabahıdır" - Hikmət Babaoğlu

 15:05 10.09.2026     570

"“Sabah” futbol klubumuz özünün yüksək səviyyəli oyunu ilə UEFA Çempionlar Liqasında oynamaq hüququ qazanmaqla sübut etdi ki, o, həm də Azərbaycan futbolunun sabahıdır".

Bu fikri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bu gecə keçiriləcək UEFA Çempionlar Liqasın liqa mərhələsində "Mançester Yunayted" - "Sabah" oyunundan danışarkən səsləndirdi.

Onun sözlərinə görə, “Sabah”ın oyunlarını özünəməxsus və səciyyəvi edən əsas cəhətlərdən biri bu komandanın cəsarətli oyun nümayiş etdirməsidir:

"Komandanın kollektiv şəkildə təşkilatlanmağı bacarması və yüksək futbol texnikasını mənimsəyə bilməsi də onun əsas üstünlüklərindəndir. Bütün bu keyfiyyətlər, bəlkə də, yüksək Avropa liqalarında və dünya çempionatlarında çox təcrübəsi olmayan bir komandanın, məncə, ən üstün keyfiyyətləridir. Və bu keyfiyyətlərlə istənilən rəqibə qalib gəlmək olar".

Millət vəkili hesab edir ki, “Sabah” “Mançester Yunayted”lə arzu etdiyimiz səviyyədə mübarizə aparmağı bacaracaq və rəqibini gözündə çox böyütməyəcək:

"Mən bu qarşılaşmanı çox böyük məmnuniyyətlə izləyəcəyəm və ümid edirəm ki, “Sabah” qalib gələcək. Hər halda, oyunun nəticəsindən asılı olmayaraq, mən “Sabah” futbol klubunu indidən təbrik edir, ona daha böyük uğurlar arzulayıram".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən