"Xaricdə ezamiyyətdə olmağıma baxmayaraq, "Sabah"ın oyununu izləyəcəm" - Deputat
"Xaricdə ezamiyyətdə olmağıma baxmayaraq, təbii ki, bu gün “Sabah”ın "Mançester Yunayted"lə olan qarşılaşmasını izləyəcəm. Oyunun nəticəsindən asılı olmayaraq, “Sabah”ı, komandanın məşqçisini və bütün komanda üzvlərini təbrik etmək lazımdır. Çünki “Sabah” sözün həqiqi mənasında tarix yazdı".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirdi.
O qeyd etdi ki, 17 milyon avro dəyərində olan bir komanda Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb və bu gün dünyanın aparıcı futbol komandaları ilə yarışır:
"Təbii ki, “Sabah”ın bu uğuru həm də uzun müddət Azərbaycan futbolu ilə bağlı yaranmış mifləri dağıtdı. Əslində bu, ondan xəbər verir ki, Azərbaycan futbolu praktik olaraq yalnız bir komanda ilə deyil, daha çox komanda ilə Avropada təmsil oluna bilər və təmsil olunacaq. Bu isə Azərbaycan futbolunda rəqabətin güclənməsi üçün də bir zəmin yaradır".
Müsahibimizin sözlərinə görə, “Sabah”ın bu uğuru bütövlükdə Azərbaycan futbolunun inkişafında yeni bir mərhələdir. Millət vəkili komandaya uğurlar arzulayır və ümid edir ki, komanda azarkeşlərini sevindirəcək bir oyun nümayiş etdirəcək.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Mançester Yunayted” - “Sabah” matçı bu gecə Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xədicə BAXIŞLI













