"“Old Trafford” kimi əfsanəvi stadionda oynamaq Azərbaycan futbolu üçün mühüm hadisədir"

 16:15 10.09.2026     462

"Açığı, çox çətin matçdır. “Mançester Yunayted” köklü və böyük tarixə malik komandadır. Ona görə də oyunun nəticəsi ilə bağlı konkret proqnoz vermək çətindir. Əsas məsələ “Sabah”ın belə böyük bir mərhələyə gəlib çıxması və bu səviyyədə özünü göstərə bilməsidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa səsləndirib.

Onun fikrincə, “Sabah” çalışmalıdır ki, meydanda mübariz futbol nümayiş etdirsin və xal qazanmağa, müəyyən uğur əldə etməyə çalışsın:

"Əlbəttə, nəticədən asılı olmayaraq, “Sabah” artıq böyük bir iş görüb. Belə bir rəqibə qarşı, özü də “Old Trafford” kimi əfsanəvi stadionda oynamaq Azərbaycan futbolu üçün mühüm hadisədir. Ona görə də “Sabah” məğlub olsa belə, komandanın bu mərhələyə qədər gəlib çıxmasını böyük uğur hesab edirəm. Azərbaycanın adının belə mötəbər arenada yenidən çəkilməsi və ölkəmizin futbolunun beynəlxalq səviyyədə təmsil olunması bizim üçün böyük fəxrdir".

Xatırladaq ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Sabah” bu gün turnirin liqa mərhələsində “Mançester Yunayted”lə “Old Trafford” stadionunda üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən