"Mançester Yunayted" “Sabah”ı darmadağın ETDİ

 01:00 11.09.2026     536

UEFA Çempionlar Liqasının liqa mərhələsində Azərbaycan futbolu üçün tarixi qarşılaşma baş tutub. “Sabah” FK turnirdəki ilk oyununda İngiltərə nəhəngi “Mançester Yunayted”lə üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, “Old Trafford” stadionunda keçirilən qarşılaşmada meydan sahibləri Azərbaycan təmsilçisinə 4:0 hesabı ilə qalib gəlib.

“Sabah” matçın ilk dəqiqələrində rəqibinə qarşı kifayət qədər cəsarətli oyun nümayiş etdirib. Lakin “Mançester Yunayted”in hücum xəttindəki fərdi ustalıq hesabın açılmasına imkan verib.

İlk hissədə üç qol

“Qırmızı şeytanlar” 27-ci dəqiqədə hesabı açıblar. Matheus Kunyanın zərbəsi “Sabah”ın qapısından keçib – 1:0.

Azərbaycan təmsilçisi hesabı bərabərləşdirmək üçün cəhd etsə də, “Mançester Yunayted”in təzyiqi davam edib. 42-ci dəqiqədə Bruno Fernandeş fərqlənərək komandasının üstünlüyünü iki topa çatdırıb – 2:0.

İlk hissənin son dəqiqəsində isə “Mançester Yunayted” daha bir dəfə “Sabah”ın qapısını silkələyib. Benjamin Şeşko 45-ci dəqiqədə hesabı 3:0 edib.

Beləliklə, komandalar fasiləyə İngiltərə klubunun üçtoplu üstünlüyü ilə yollanıblar.

İkinci hissədə də eyni ssenari

Fasilədən sonra “Sabah” oyuna qayıtmaq və heç olmasa fərqi azaltmaq üçün mübarizə aparıb. Lakin meydan sahibləri topa nəzarəti əldən verməyib.

68-ci dəqiqədə Lisandro Martines fərqlənərək hesabı 4:0-a çatdırıb.

Qalan dəqiqələrdə “Mançester Yunayted” daha bir neçə təhlükəli hücum təşkil etsə də, hesab dəyişməyib. Qarşılaşma İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sabah” çərçivəyə zərbə vura bilmədi

Oyunun statistikası da meydan sahiblərinin üstünlüyünü açıq şəkildə göstərib. “Mançester Yunayted” topa 58 faiz, “Sabah” isə 42 faiz nəzarət edib.

İngiltərə təmsilçisi rəqib qapısına 10 dəqiq zərbə endirdiyi halda, “Sabah”ın çərçivəyə düşən zərbəsi olmayıb.

Gözlənilən qol göstəricisində də böyük fərq yaranıb – “Mançester Yunayted”də 3,67, “Sabah”da isə 0,86 xG qeydə alınıb.

Beləliklə, “Sabah” Çempionlar Liqasındakı tarixi debütündə turnirin ən titullu komandalarından biri ilə qarşılaşmadan məğlub ayrılıb. “Mançester Yunayted” isə ilk oyundan etibarən turnirə iddialı başladığını nümayiş etdirib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən