Messi 100-cü qolunu vurdu - "İnter Mayami” kubok qazandı

 09:46 17.09.2026     163

ABŞ-nin “İnter Mayami” klubu “Campeones Cup”ın finalında Meksikanın “Krus Asul” komandasını 2:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bu turnirin qalibi olub.

Redaktor.az xəbər verir ki, Mayami təmsilçisinin qələbəsində Lionel Messi əsas rol oynayıb. Argentinalı ulduz qarşılaşmada bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Üstəlik, onun vurduğu qol “İnter Mayami” formasında 100-cü qolu olub.

Matçın 24-cü dəqiqəsində Luis Suaresin ötürməsindən sonra Messi cərimə meydançasında topa başla zərbə endirərək hesabı açıb. Bu, onun “İnter Mayami”də bütün turnirlərdə keçirdiyi 115-ci oyunda 100-cü qolu olub. Maraqlıdır ki, Messi klubdakı ilk qolunu da 2023-cü ildə məhz “Krus Asul”a qarşı vurmuşdu. Həmin qarşılaşma argentinalının “İnter Mayami”də debüt oyunu idi.

İkinci hissədə “Krus Asul” hesabı bərabərləşdirmək üçün cəhd göstərsə də, “İnter Mayami” müdafiədə rəqibinə ciddi imkan verməyib. Meksika klubunun ən təhlükəli epizodlarından birində Qabriel Fernandesin baş zərbəsi dirəyə dəyib, ardınca Kazemiro rəqibin növbəti zərbəsinin qarşısını alıb.

Qarşılaşmanın 81-ci dəqiqəsində isə “İnter Mayami” fərqi iki topa çatdırıb. Messi künc zərbəsindən sonra topu cərimə meydançasına göndərib, Kazemiro isə başla dəqiq zərbə endirərək hesabı 2:0-a çatdırıb. Bununla da braziliyalı yarımmüdafiəçi komandasının qələbəsini rəsmiləşdirib.

Beləliklə, “İnter Mayami” “Campeones Cup”ı ilk dəfə qazanıb. Turnirdə MLS və Meksika Liqasının çempionları qarşılaşır. Bu qələbə ilə MLS klubları ilə Liga MX komandaları arasında “Campeones Cup” tarixindəki ümumi qələbə sayı 4:4 olub.

Qeyd edək ki, “İnter Mayami”nin son illərdə qazandığı bütün əsas titullarda Messi xüsusi rol oynayıb. Klub argentinalı ulduzun komandaya qoşulmasından sonra 2023-cü ildə “Leagues Cup”, 2024-cü ildə “Supporters’ Shield”, 2025-ci ildə isə MLS Kubokunu qazanmışdı. “Campeones Cup” isə bu seriyaya 2026-cı ildə əlavə olunub.

Matçın sonunda Messi “Campeones Cup”ın ən yaxşı oyunçusu seçilib. Qarşılaşma həmçinin yeni baş məşqçi Kristian “Kili” Qonsales üçün “İnter Mayami”nin başında ilk oyun olub və komanda onun rəhbərliyi altında ilk matçında kubok qazanıb.

“İnter Mayami” – “Krus Asul” 2:0

Qollar:
24' Lionel Messi — 1:0
81' Kazemiro — 2:0

Turan ASLAN 

Vumart və Güvən reklamı Vumart Güvən