"Sabah"dan biletlərin vahid formada satışa çıxarılması ilə bağlı AÇIQLAMA 

 14:11 22.09.2026     59

UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyimiz ev oyunlarına azarkeşlər tərəfindən böyük maraq göstərilir. Satışın ilk mərhələsində təqdim olunan biletlərin qısa müddətdə alınması da bunu bir daha göstərir.

Redaktor.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

O bildirib ki, 4 ev oyunu üçün biletlərin vahid formada satışa çıxarılmasında əsas məqsəd Çempionlar Liqasında “Sabah”ın bütün qarşılaşmalarını stadiondan izləmək və komandaya hər oyunda dəstək olmaq istəyən azarkeşlər üçün daha əlverişli imkan yaratmaqdır: “Dörd qarşılaşmaya giriş imkanı verən biletlərin Çempionlar Liqası səviyyəli oyunlar üçün münasib qiymətə təqdim olunması da məhz azarkeşlərin maraqları nəzərə alınaraq müəyyənləşdirilib. Bu satış modeli azarkeşlərin hər oyun öncəsi ayrıca bilet axtarmasına ehtiyacı aradan qaldırır, onlara əvvəlcədən bütün ev qarşılaşmalarında yerlərini təmin etmək imkanı verir. Xüsusi olaraq qeyd edim ki, biletlər tükənməyib. Satış prosesi daha çox azarkeşin bilet əldə edə bilməsi və sistemdə yarana biləcək sıxlığın düzgün idarə olunması məqsədilə mərhələli şəkildə həyata keçirilir.

Klub olaraq azarkeşlərimizin göstərdiyi böyük marağı yüksək qiymətləndirir və anlayışlarına görə təşəkkür edirik. İnanırıq ki, Çempionlar Liqasının bütün ev oyunlarında tribunaları birlikdə dolduracaq və komandamıza güclü dəstək verəcəyik”.

Qeyd edək ki, tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanan “Sabah” İspaniyanın “Barselona”, Almaniyanın “Borussiya Dortmund”, İtaliyanın “Napoli” və Çexiyanın “Slaviya Praqa” klubları ilə evdə, İngiltərənin “Arsenal” və “Mançester Yunayted”, İspaniyanın “Vilyarreal” və Norveçin “Vikinq” komandaları ilə isə səfərdə qarşılaşacaq. Bakı klubu ilk matçında İngiltərədə “Mançester Yunayted”ə 0:4 hesabı ilə məğlub olub.

Vumart və Güvən reklamı Vumart Güvən