"Kəpəz"in iki futbolçusu Moldova və Yaponiya ilə oyunlara dəvət alıb
"Kəpəz" klubunun iki futbolçusu – Raul İsaqov və Şahnur İsmayılov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasına (U-20) dəvət olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Hər iki oyunçu sentyabrın 24-dən oktyabrın 6-dək Qəbələdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək. Millimizin heyətində onlar oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə yoxlama oyunlarında meydana çıxacaqlar.
Qeyd edək ki, 17 yaşlı yarımmüdafiəçi Raul İsaqov U-20 millisinin sentyabrın 14–21-də keçirilən bundan əvvəlki toplanışında da yer alıb və "Qəbələ"yə qarşı keçirilən yoxlama matçında (1:1) forma geyinib.













