Niderland son dəqiqədə Almaniyanın qələbəsini əlindən ALDI

 00:48 25.09.2026     179

UEFA Millətlər Liqasının mərkəzi qarşılaşmasında Niderland və Almaniya milli komandaları üz-üzə gəlib.

Redaktor.az xəbər verir ki, gərgin və dramatik mübarizə şəraitində keçən görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qarşılaşmada hesabı Almaniya yığması açıb. Matçın 32-ci dəqiqəsində Feliks Nmeça Kərim Adeyeminin ötürməsindən sonra fərqlənərək komandasını hesabda önə keçirib – 0:1.

Niderland millisi isə matçın sonlarında hesabı bərabərləşdirə bilib. Görüşün 90+2-ci dəqiqəsində Kodi Qakpo Ruben van Bommelin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq komandası üçün vacib qola imza atıb – 1:1.

Qarşılaşmada bundan əvvəl də qol qeydə alınıb. Lakin matçın 14-cü dəqiqəsində Virgil van Deykin vurduğu qol VAR müdaxiləsindən sonra ləğv edilib.

Görüş ərzində hər iki komandanın futbolçuları sarı vərəqələrlə də cəzalandırılıb. Niderland millisində Kuinten Timber 22-ci, Yan Paul van Hekke 24-cü, Denzel Dumfris 68-ci, Virgil van Deyk isə 69-cu dəqiqədə sarı vərəqə alıb. Almaniya yığmasından Nadiem Amiri 68-ci dəqiqədə xəbərdarlıqla cəzalandırılıb.

Beləliklə, tərəflər 1:1 hesablı heç-heçə ilə meydandan ayrılıb və hər iki komanda aktivinə bir xal yazdırıb.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən