"Bakı trasında həmişə maraqlı hadisələr baş verir" - Oskar Piastri
Bu trasla bağlı həm ən yaxşı, həm də ən pis xatirələrim var. Burada həmişə maraqlı hadisələr baş verir.
Redaktor.az xəbər verir ki, bunu “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə bağlı danışarkən deyib.
Avstraliyalı srücü 2024-cü ildə Bakı Şəhər Halqasında Formula 1 üzrə ikinci qələbəsini qazanıb, 2025-ci ildəki yarışın isə ilk dövrəsində qəza keçirib.
Piastri builki yarışda Bakı trası ilə bağlı müsbət xatirələrini yeniləməyə ümid etdiyini bildirib: “Bu, daim böyük özünəinam tələb edən trasdır. Küçə trası olması ilə yanaşı, burada çoxlu sayda kəskin və ağır əyləclənmə zonalarının olması nadir kombinasiyadır. Bu baxımdan maraqlı trasdır. Ümid edirəm ki, bu il 2024-cü ilə daha çox bənzəyəcək”.
Piastri “McLaren”in son yarışlarda bolidin inkişafı istiqamətində iş apardığını və komandanın müxtəlif həlləri sınaqdan keçirdiyini qeyd edib: “Ən vacibi odur ki, yerimizdə saymırıq və bolidi mümkün qədər tez inkişaf etdirmək üçün əlimizdən gələn hər şeyi edirik”.
Komandanın digər pilotu, hazırkı dünya çempionu Lando Norris isə Madriddə keçirilən son yarışda podiuma yüksəldikdən sonra Bakı Qran-Prisinə inamla hazırlaşdığını bildirib: “İndi daxilən istədiklərimə nail ola biləcəyimə əminəm, özümə inamım var”.
Britaniyalı pilot deyib ki, hər həftəsonu yüksək nəticə göstərmək üçün üzərində gözləntilərin olduğunu hiss edir, lakin əvvəlki illərlə müqayisədə özünə inamı daha yüksəkdir.
Qeyd edək ki, “McLaren” Bakıda keçiriləcək Azərbaycan Qran-Prisinə əlavə aerodinamik yenilənmələrlə gəlib.













