“Səfərdən xalla ayrılmaq bizi sevindirdi”

 20:34 27.09.2026     122

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Litva ilə 1:1 hesablı heç-heçədən sonra komandanın oyununu dəyərləndirib və azarkeşlərə təşəkkür edib.

Redaktor.az xəbər verir ki, Abbasov Litva ilə oyundan sonra açıqlama verib.

Baş məşqçi əvvəlcə Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirənləri yad edib.

“Əvvəlcə Vətən müharibəsində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçdilər”, - o deyib.

Abbasov bildirib ki, futbolçuların üzərində təzyiq olub. O, azarkeşlərin dəstəyini xüsusi qeyd edib.

“Azarkeşlər bizə səfəri hiss etdirmədilər. Onlara da təşəkkür edirəm. Litvanın ilk dəqiqələrdən hücuma atılacağını bilirdik. Ani səhv oldu. Açığı, penalti də bir az sual altındadır. Birinci Emilin ayağı tapdalanmışdı, amma VAR-dan qərar gəlmədi. Buna baxmayaraq, toparlanıb hesabı bərabərləşdirdik. Bu gün Mahirin qol vurması bizim üçün ikiqat sevincdir. Səfərdən xalla ayrılmaq bizi sevindirdi. Növbəti oyunlarda çalışacağıq ki, qalib gələk”, - o bildirib.

Baş məşqçi Bədavi Hüseynovun Azərbaycan dilində danışmaması ilə bağlı suala da cavab verib. Abbasov bildirib ki, gələcəkdə əsas məqsədlərdən biri öz yetirmələrindən ibarət milli komanda formalaşdırmaqdır.

O, Hüseynovun Azərbaycanda böyüdüyünü və milli komandanın heyətində böyük fədakarlıq göstərdiyini vurğulayıb. Abbasov həmçinin bildirib ki, milli komandanın soyunub-geyinmə otağında tərcüməçiyə ehtiyac yoxdur.

Vumart və Güvən reklamı Vumart Güvən