Messi möhtəşəm cərimə zərbəsi ilə tarix yazdı - VİDEO
ABŞ-nin MLS liqasında Lionel Messinin formasını geyindiyi "İnter Mayami" növbəti qarşılaşmasını keçirib.
"İnter Mayami" səfərdə "Kolambus Kryu" ilə üz-üzə gəlib. Gərgin və dramatik mübarizə şəraitində keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün ilk hissəsində hesabı "Kolambus Kryu" açıb. 28-ci dəqiqədə Xozef Martines penaltini dəqiq yerinə yetirərək komandasını 1:0 hesabı ilə önə keçirib.
Lakin "İnter Mayami"nin cavabı cəmi beş dəqiqə sonra gəlib. 33-cü dəqiqədə Lionel Messi cərimə zərbəsindən möhtəşəm qola imza atıb.
Argentinalı ulduz topa qapıya doğru olduqca çətin bucaqdan zərbə endirib. Messi topu müdafiəçilərin üzərindən keçirərək uzaq küncə göndərib və qapıçı Patrik Şultenin müdaxiləsinə imkan verməyib. Beləliklə, hesab 1:1 olub. MLS də bu qolu Messinin "ən yaxşı qollarından biri" kimi təqdim edib.
Messidən cərimə zərbələri üzrə daha bir tarixi göstərici
Messinin Columbus Crew-a vurduğu bu qol yalnız "İnter Mayami" üçün hesabı bərabərləşdirməsi baxımından əhəmiyyət daşımayıb. Bu qol argentinalı futbolçunun peşəkar karyerasında 76-cı birbaşa cərimə zərbəsindən qolu olub. Bununla Messi bütün zamanların ən çox cərimə zərbəsindən qol vuran futbolçuları siyahısında rekord göstəriciyə daha da yaxınlaşıb.
Hazırda müxtəlif statistik mənbələrdə siyahının hesablanması ilə bağlı müəyyən fərqlər olsa da, geniş yayılan göstəriciyə əsasən Marselinyu Karioka 78 birbaşa cərimə zərbəsi qolu ilə rekordçu hesab olunur. Messi isə "Kolambus Kryu" qarşısındakı qoldan sonra 76 qola çatıb və bu göstərici ilə rekorddan cəmi iki qol geridədir.
Messi üçün bu, 2026-cı ildə cərimə zərbələrindən vurduğu qollar baxımından da diqqətçəkən seriyanın davamıdır. O, bundan əvvəl də "İnter Mayami"nin oyunlarında standart vəziyyətlərdən fərqlənərək bu göstəricini yüksəldib.
Qeyd edək ki, Messi "Kolambus Kryu" qarşısında vurduğu qolla 2026 MLS mövsümündə hesabına 21-ci qolu yazdırıb. Argentinalı eyni zamanda karyerasında vurduğu qolların sayını 931-ə yüksəldib. O, həmçinin qarşılaşmadan əvvəlki oyunlarda da məhsuldarlığı ilə diqqət çəkib.
İkinci hissədə komandalar qələbə qolunu axtarıb. "İnter Mayami" topa daha çox sahib olsa da, "Kolambus Kryu" zərbələrin sayında üstün olub. Meydan sahibləri qapıya 14 dəfə zərbə endirib, onlardan 7-si çərçivəyə düşüb. "İnter Mayami" isə 5 zərbə ilə kifayətlənib.
Qarşılaşmanın son dəqiqələri isə daha dramatik keçib. "İnter Mayami"nin futbolçusu Santyaqo Morales əlavə vaxtda iki sarı vərəqə alaraq meydandan qovulub və qonaqlar oyunu azlıqda başa vurmalı olublar.
"Kolambus Kryu" bundan istifadə edərək son saniyələrdə qələbə qolunu vurub. Əlavə vaxtın 8-ci dəqiqəsində Camal Tyare fərqlənərək hesabı 2:1 edib və komandasına dramatik qələbə qazandırıb.
Beləliklə, "İnter Mayami" Messi ilə hesabı bərabərləşdirsə də, son anda qələbəni əldən verib. "Kolambus Kryu" isə doğma meydanda 2:1 hesablı qələbə qazanıb.
Turan ASLAN













