Fransa Belçikanı son dəqiqə qolu ilə məğlub etdi - Millətlər Liqası
UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupu çərçivəsində növbəti qarşılaşma keçirilib.
Redaktor.az xəbər verir ki, Fransa milli komandası səfərdə Belçika yığmasına qarşı keçirdiyi oyunda minimal hesabla qalib gəlib. Brüsseldəki Kral Boduen stadionunda baş tutan görüşün taleyini 88-ci dəqiqədə vurulan qol həll edib – Belçika 0:1 Fransa.
Qarşılaşmanın ilk dəqiqələrindən etibarən komandalar arasında gərgin mübarizə gedib. Belçika öz meydanında hücumlar təşkil etsə də, Fransa müdafiədə inamlı oynayıb. İlk hissədə hesab açılmayıb.
Fransanın ən real qol imkanlarından biri Dezire Due ilə bağlı olub. Gənc hücumçunun fərdi reydin ardından vurduğu zərbə qapı dirəyinə tuş gəlib. Belçika millisinin futbolçusu Romeo Lavia isə komandasını qoldan xilas edən epizodlardan birində topu qapı xəttindən çıxarıb.
İkinci hissədə də tərəflər hesabı dəyişmək üçün imkanlar əldə ediblər. Belçikanın heyətində Dodi Lukebakio təhlükəli vəziyyətə çıxsa da, Fransa qapıçısı Mayk Menyan onun zərbəsinin qarşısını alıb. Mika Godts isə fərdi keçiddən sonra topu yan tora göndərib.
Fransa baş məşqçisi Zinəddin Zidanın son dəqiqələrdə etdiyi dəyişikliklər isə nəticəyə təsir göstərib. Rayan Şerki və Maykl Olise qarşılaşmanın son bölümündə meydana daxil olublar. Ardınca 88-ci dəqiqədə Fransa hesabı açıb.
Maykl Olise meydanın mərkəzindən fərdi reydə başlayaraq Belçika müdafiəçilərini geridə qoyub və topu dəqiq zərbə ilə qapının sol küncünə göndərib. Bununla da fransalı futbolçu komandasına səfərdə vacib üç xal qazandırıb.
Beləliklə, Fransa Millətlər Liqasının qrup mərhələsində ardıcıl ikinci qələbəsini əldə edib. Komanda ilk turda Türkiyəni də 1:0 hesabı ilə məğlub etmişdi. Belçika isə ilk turda İtaliya üzərində 2:0 hesablı qələbədən sonra Fransaya uduzub.
Nəticədən sonra Fransa qrupda 6 xalla liderliyini möhkəmləndirib. Belçikanın isə hesabında 3 xal qalıb.
Turan ASLAN













