"Uşaqlar həmin meydançada olan futbolçuların yerində olmaq istəyəcəklər"

 17:11 30.09.2026     59

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Görüş zamanı Azərbaycanda futbolun inkişafı, beynəlxalq futbol əməkdaşlığı və ölkəmizdə keçiriləcək futbol turnirləri ilə bağlı məsələlərin müzakirə edildiyi bildirilib.

Xüsusilə 15 yaşlılar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi ölkədə uşaq və yeniyetmə futbolunun inkişafı baxımından diqqət çəkən hadisələrdən biridir. Belə mötəbər beynəlxalq turnirin Azərbaycanda təşkili həm ölkənin futbol imkanlarının nümayiş etdirilməsi, həm də gənc nəslin futbola marağının artırılması baxımından əhəmiyyətli hesab olunur.

İdman eksperti Kənan Məstəliyev də Redaktor.az-a açıqlamasında görüşün əsas səbəblərindən birinin 15 yaşlılar arasında dünya çempionatının Azərbaycanda keçirilməsi olduğunu bildirdi. Ekspertin sözlərinə görə, turnirin ölkəmizdə təşkili yeniyetmə və gənclərin futbola marağının artmasına ciddi təsir göstərə bilər:

“Oyunun Azərbaycana verilməsi, xüsusilə yeniyetmə və gənclərin futbola meylini əhəmiyyətli dərəcədə artıracaq. Çünki uşaqların təkcə futbola deyil, ümumiyyətlə, idmana marağının formalaşdığı dövr 11-15 yaş aralığıdır. Ona görə də bu yaşlarda dünyanın dörd bir tərəfindən komandaların Azərbaycana gəlməsi, burada belə böyük turnirin təşkil olunması və onların iştirak etməsi çox böyük əhəmiyyət daşıyır.

Bu turniri canlı, istər tribunadan, istərsə də televiziya və digər ekranlardan izləyən uşaqlarımız böyük həvəslə həmin meydançada olan uşaqların yerində olmaq istəyəcəklər. Onlar kimi futbol oynamaq, komanda qurmaq, tanınmaq, ölkəni təmsil etmək, böyük səhnələrdə və yarışlarda iştirak etmək, ölkənin bayrağını yüksəltmək istəyəcəklər. Ona görə də düşünürəm ki, bu dünya çempionatının, xüsusilə ilk dəfə keçirilən belə bir turnirin Azərbaycanda təşkil edilməsi xüsusi və əlamətdar hadisədir. Bu, Azərbaycanda futbolun inkişafına böyük təkan verəcək”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən