“Real” UEFA-dan “Barselona” ilə bağlı araşdırmanı sürətləndirməyi tələb ETDİ
Madridin “Real” klubu UEFA-dan “Barselona”nın sabiq İspaniya Kral Futbol Federasiyasının Hakimlər Texniki Komitəsinin vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya etdiyi ödənişlərlə bağlı araşdırmanı sürətləndirməyi tələb edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Sport-Ekspress” klubun açıqlamasına istinadən məlumat yayıb.
Bildirilib ki, Madrid klubu UEFA-ya təxminən 50 min səhifəlik sənəd və sübut təqdim edib. UEFA da əhəmiyyətli həcmdə materialların qəbul edildiyini təsdiqləyib.
Qeyd olunub ki, UEFA-nın etika və intizam məsələləri üzrə müfəttişləri təqdim olunan sənədləri davam edən araşdırma çərçivəsində araşdıracaqlar.
“Real”ın açıqlamasında bildirilib ki, şikayət yarışların bütövlüyünə və hakimlik sisteminə olan etimada birbaşa təsir edən ciddi faktlarla bağlı geniş sənədlər və sübutlardan ibarətdir.
Madrid klubu araşdırmanın mümkün qədər operativ şəkildə yekunlaşdırılmasının və səlahiyyətli qurumların müəyyən edilən faktların ciddiliyini nəzərə alaraq müvafiq qərarlar qəbul etməsinin vacib olduğunu vurğulayıb.
Xədicə BAXIŞLI













