Azərbaycanın 23, bizim isə cəmi 2 peşəkar futbolçumuz var - Lixtenşteynin kapitanı
“Biz cəmi 40.000 əhalisi olan bir ölkəyik. Və bu gün meydançada cəmi 2 peşəkar oyunçumuz var idi. Azərbaycanın isə 23 peşəkar futbolçudan ibarət heyəti var. Buna görə də oyunun sonunda göstərmək istədik ki, nəsə qazananda belə qeyd edirlər”.
Redaktor.az xəbər verir ki, bunu "Teleqraf"a açıqlamasında Lixtenşteynin kapitanı Nikolas Hasler Azərbaycan yığması ilə qolsuz heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin oyunu barədə danışarkən deyib.
Kapitan səfərdə qazandıqları 1 xalı böyük uğur kimi dəyərləndirib:
“Bizim üçün çətin oyun oldu, çünki müdafiədə çox əziyyət çəkməli olduq. Azərbaycanın zəif komanda olduğunu düşünmürəm. Məncə, bunu bu gün gördük; normalda Azərbaycanın qol vurmaq üçün 10, bəlkə də 15 çox yaxşı şansı var idi. Onlar üçün təəssüf ki, bizim üçün isə xoşbəxtlikdən bunu edə bilmədilər. Bəxtimizin gətirdiyi və uzun fasilədən sonra Lixtenşteynə bir xalla qayıda bildiyimiz üçün həddindən artıq şadıq”.
Rəqib futbolçu oyundan sonra 1 xalı xüsusi qeyd etmələrinin səbəbini belə şərh edib:
“Bizim üçün hər oyun həddindən artıq çətindir. Normalda matçları uduzuruq, bunu bilirik. Amma hər zaman inanırıq ki, bəzən nəsə mümkündür. Bu gün bizim günümüz idi, Azərbaycan üçün təəssüf ki... Və bəli, buna görə də belə qeyd edirik. Çox qalibiyyətimiz və ya heç-heçəmiz olmur. Çoxlu gənc oyunçumuz var ki, bəlkə də bundan əvvəl heç bir xal belə qazanmamışdılar”.
Nikolas fürsət tapıb Bakını gəzdiklərini və buranı çox bəyəndiklərini vurğulayıb:
“Azərbaycan haqqında yalnız gözəl sözlər deyə bilərəm. Biz burada, Bakı şəhərində idik, şəhəri kəşf edə bildik, İçərişəhərdə olduq, Formula 1 trasını və dənizi gördük. İnsanlar çox mehribandır, burada özümüzü çox səmimi qarşılanmış hiss etdik və ümid edirəm ki, yenidən qayıda bilərik”.













