“Uşaq futbolu bizim həssas yerimizdir” - Azərbaycanda U-15 Dünya Çempionatından gözləntilər

 17:24 02.10.2026     176

Ötən günlərdə Azərbaycan Prezidenti İlham Əliyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib. Dövlətimizin başçısı görüş zamanı gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalına, həmçinin 2027-ci ildə təşkil olunacaq 20 yaşadək kişi futbolçular arasında FIFA U-20 Dünya Çempionatına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını bildirib. Belə mötəbər turnirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq futbol ictimaiyyətində artan rolunu və Azərbaycana göstərilən diqqəti də nümayiş etdirir.

Maraqlıdır, bəs Azərbaycanda ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatı və festivalının oğlan uşaqları arasında futbola marağın artmasına necə təsir edəcək?

Mövzu ilə bağlı Redaktor.az-a danışan "CBC Sport"un aparıcı eksperti Elçin Cəfərov bildirdi ki, ümumiyyətlə, Azərbaycan bu gün müxtəlif sahələrdə bir sıra mötəbər tədbirlərin keçirildiyi ünvana çevrilib:

"Bu cür mötəbər tədbirlərə ev sahibliyi edilməsi Azərbaycanı hər zaman beynəlxalq sferada tədbirlərin keçirildiyi unikal məkan kimi tanıdıb. Odur ki, bu tədbirlər sırasına, təbii ki, idman yarışlarının, xüsusilə futbol üzrə 15 yaşlı futbolçular arasında Dünya Çempionatının, eyni zamanda 2027-ci ildə də 20 yaşınadək kişi futbolçular arasında Dünya Çempionatının nümunə çəkmək olar.

Təbii ki, biz 500 milyondan çox izləyicisi olan Formula 1 kimi nüfuzlu yarışa artıq 10 ildir ev sahibliyi etmişik. Bu ev sahibliyi etdiyimiz dövrdə də yüksək təşkilatçılıq, modern infrastruktur, yüksək qonaqpərvərliklə hər zaman ön planda yer almışıq. Odur ki, bu Dünya Çempionatında da, şübhəsiz ki, növbəti dəfə ölkəmizə gələnlər, eyni zamanda ötən günlərdə Canni İnfantinonun Azərbaycana gəlməsi ilə və burada hazırlıq prosesi ilə yerində tanış olması ilə o da öz gözü ilə gördü ki, Azərbaycan bu cür tədbirlərin keçirilməsində necə maraqlı və necə böyük səy göstərir və yüksək təşkilatçılıq modeli ilə nümunə yaradıb".

Həmsöhbətimiz vurğuladı ki, bəzi ölkələrin 6-7 ilə görə bilmədikləri işləri Azərbaycan 2 il ərzində yüksək səviyyədə görüb:

"Bununla da dünyada – beynəlxalq tədbirlərin, xüsusilə idman tədbirlərinin keçirilməsində Azərbaycan modeli yaranıb. Bu Azərbaycan modeli artıq bir sıra ölkələrə nümunə kimi göstərilir. Yəni I Avropa Oyunlarında, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında bunun dəfələrlə şahidi olduq".

Müsahibimiz dünya çempionatının uşaqlar arasında futbola marağın artmasına necə təsir göstərəcəyindən də danışdı:

"Bu gün 7-dən 77-yə futbol hər kəsin sevdiyi bir idman növüdür. Bir çoxlarının izlədiyi, azarkeşlik etdiyi klubların, milli komandaların oyunları ilə nəfəs alır desək, yanılmarıq. Odur ki, 15 yaşlılar arasında Dünya Çempionatının keçirilməsi Azərbaycanda bu sahədə, futbola marağı olmayan uşaqlar arasında da böyük kütləvilik yarada bilər. Odur ki, bu, müsbət mənada kütləviliyi artıracaq.

Azərbaycanda idmanın digər sahələrində olduğu kimi, futbolda da yerli idman federasiyaları tərəfindən necə böyük maraq göstərildiyini, uşaqlar da, valideynləri də açıq şəkildə görürlər və təbii ki, bu da futboldan yan keçməyəcək.

Mən elə düşünürəm ki, bu, böyük bir kütləviliyi təmin etmək baxımından önəmli bir fürsət yaradacaq. Ən azı bu yaşda olan uşaqlar oyunu izləyərkən uşaqların da gələcəkdə bu idman növünü seçməyinə əlavə bir stimul yarada bilər. Təbii ki, futbolumuzda, uşaq futbolunda problemlər kifayət qədər böyükdür. AFFA Azərbaycanda futbolun inkişafına dair strategiya qəbul edib. Bu strategiyanın nəticəsini ən azı 6-7 ildən sonra görə biləcəyik. Qarşıda hələ nə işlər görüləcəyini görmək üçün 5 ilimiz var. Uşaq futbolu bizim həssas yerimizdir. Klublarda maddi-texniki bazanın kifayət qədər yaxşı olmaması yaralı yerimizdir.

Odur ki, legioner futbolçuların transferi fonunda qazanılan uğurlar ölkəmizin imicinə müsbət mənada təsir göstərsə də, amma daxilə dönüb baxdıqda yerli uşaq futbolunun inkişafında müəyyən problemlər olduğunu da gizlədə bilmərik.

Ümid edirəm ki, 15 yaşlılar və 17 yaşadək yaşlar arasında Dünya Çempionatı bu idman növünə kütləviliyi təmin edəcək. İnanıram ki, xüsusi nəzarət mexanizmi formalaşmalıdır. Klubların aşağı yaş qruplarından ibarət komandalarına diqqət artırılmalıdır. Məhz Azərbaycan futbolunun gələcəyinin bu futbol məktəblərindən, xüsusilə aşağı yaş qruplarından ibarət komandalardan çıxan uşaqların fonunda təşkil edilməsini başa düşməlidirlər. Biz günlük deyil, gələcəyə hesablanmış bir strategiya seçməliyik".

Azərbaycan millsinin keçmiş futbolçusu, "Araz-Naxçıvan" futbol klubunun prezidenti Ceyhun Sultanov isə qeyd ki, dövlət başçısı yetərincə həm futbolun inkişafına, həm də idmana böyük dəstək göstərib və göstərir:

“Belə turnirlərin keçirilməsi futbolun inkişafı üçün böyük bir təkandır. Düşünürəm ki, həm 15 yaşlılarımız, həm də 20 yaşlılarımız buna ciddi yanaşmalıdırlar. Bu turnirlər bizdə keçirilirsə, deməli, bizim futbolun inkişafı üçün bunlar edilir. Futbolçular bunu dərk etməsələr, nə qədər turnir keçirirsən, keçir, xeyri olmayacaq.

Bu turnirlərin Azərbaycanda keçirilməsi bir ölkə olaraq bizim adımıza böyük müsbət haldır. Eyni zamanda, futbolçuların bu turnirlərdə iştirak edərək inkişaf etməsi üçün bir imkandır. Federasiyaya da, cənab prezidentə də təşəkkür edirəm ki, belə turnirlərin burada keçirilməsinə böyük əhəmiyyət veriblər və bunu əldə ediblər.

Yenə deyirəm ki, bütün məsuliyyəti futbolçular öz üzərinə götürməlidirlər ki, bundan yaxşı nəticələr əldə etsinlər. Düzdür, bu o demək deyil ki, bizimkilər həmin turnirlərdə çempion olmalıdırlar. Əsas odur ki, yaxşı çıxış etsinlər və inkişaflarını artırsınlar”.

Aytəkin TOFİQQIZI

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusunda dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən