""Fənərbaxça”nın Azərbaycana gəlməsi futbol bayramı yaşadacaq" - Ekspert
"Sabah, bildiyimiz kimi, Bakıda “Turan Tovuz” və Türkiyənin “Fənərbaxça” klubları arasında yoldaşlıq oyunu keçiriləcək. Ümumiyyətlə, bu klublar arasında dostluq əlaqələri var və yoldaşlıq görüşünün keçirilməsi əslində çoxdan planlaşdırılmışdı. Lakin, elə oldu ki, oyun oktaybrın 3-ü keçirilməli olub".
Bunu Redaktor.az-a açıqlamasında idman jurnalisti Kənan Məstəliyev bildirdi. O qeyd etdi ki, qarşılaşma azarkeşlər üçün maraqlı olacaq:
"Türkiyənin tanınmış klubu “Fənərbaxça” Bakıya gələcək. Düzdür, əsas heyətin bütün üzvləri burada olmayacaq. Çünki komandanın bir sıra əsas oyunçuları milli komandalarının düşərgəsindədirlər. Amma heyətdə tanınmış futbolçular da olacaq və yaxşı bir komanda ilə gələcəklər. Bu oyunun yalnız müsbət tərəfləri ola bilər. Çünki “Fənərbaxça”nın Azərbaycanda kifayət qədər böyük azarkeş kütləsi var. Onun Azərbaycana gəlməsi azarkeşlər üçün futbol bayramı yaşatmaq baxımından əhəmiyyətlidir".

Ekspertin sözlərinə görə, bu matçın simvolik əhəmiyyəti də var:
"Çünki 1994-cü ildə Azərbaycan klublarından ilk dəfə məhz “Turan Tovuz” avrokuboklarda iştirak etmişdi və həmin vaxt rəqibimiz “Fənərbaxça” klubu olmuşdu. Sanki 32 ildən sonra dövrə qapanacaq və yenidən “Turan Tovuz” “Fənərbaxça” ilə qarşılaşacaq. Bu baxımdan oyunun həm tarixi, həm də simvolik əhəmiyyəti var. Yaxşı futbol izləyə bilərik, futbol bayramı yaşana bilər. Ən azından bu matçı izləməyə dəyər".
Xədicə BAXIŞLI













