“Lixtenşteyni Bakıda məğlub edə bilmiriksə, əlavə deyiləcək sözə ehtiyac yoxdur” - Kənan Məstəliyev

 15:05 02.10.2026     74

Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteynlə qarşılaşmada da qələbə qazana bilməyib. Bakıda keçirilən görüşün qolsuz heç-heçə ilə başa çatması milli komandanın nəticələri ilə bağlı növbəti tənqidləri gündəmə gətirib.

Azərbaycan futbolunun hazırkı vəziyyətini və millinin Lixtenşteyn qarşısındakı nəticəsini Redaktor.az-a şərh edən idman jurnalisti Kənan Məstəliyev ölkə futbolunda illərdir davam edən problemlərin nəticələrə birbaşa təsir etdiyini bildirdi:

"Azərbaycan millisinə deyiləcək söz yoxdur. İllərdir deyilən fikirlər təkrar olunur. Komandamızda məşqçilər dəyişir, futbolçular dəyişir, federasiya rəhbərliyi dəyişir, amma nəticələr dəyişmir. 28 il əvvəl, 1998-ci ildə biz Lixtenşteynə məğlub olmuşduq. İndi üstündən 28 il keçib, yenə də Lixtenşteyni məğlub edə bilmirik. Düzdür, arada onları məğlub etdiyimiz vaxtlar da olub. Amma demək olar ki, qeyri-peşəkar, həvəskarlardan ibarət bir komandaya Bakıda qalib gələ bilmiriksə, əlavə deyiləcək sözə ehtiyac yoxdur".

Ekspert hesab edir ki, Azərbaycan futbolu, milli futbolumuz bərbad vəziyyətdədir.

"Ölkənin futbol infrastrukturu dağınıq vəziyyətdədir, uşaq futbolunda da ciddi problemlər var. Ölkə futbolunda elə problemlər mövcuddur ki, onlar həll olunmadan milli komandanın uğurlarından danışmağımız yersizdir. Bütün yaş qrupları üzrə milli komandalarımızda problem var. Klublarımızın səviyyəsi o qədər də yaxşı deyil. Meydança, yarış və kadr problemlərimiz var. O qədər problem var ki, artıq onların siyahısını tutmaq, siyahıda nə qədər problemin olacağını təxmin etmək belə çətindir. Çünki onlarca, yüzlərlə problem var. Təəssüf ki, bu vəziyyət illərdir, 20-30 ildir davam edir və heç nə dəyişmir. Burada hansısa konkret futbolçunu və ya milli komandanın konkret baş məşqçisini günahlandırmaq ilk növbədə doğru deyil. Çünki onların potensialı bu qədərdir. Bu milli komandanın başında tanınmış məşqçilər də olub, amma heç nə dəyişməyib. Əvvəlki dövrlərdə bu milli komandada indikilərdən daha yaxşı futbolçular da olub, yenə heç nə dəyişməyib. Təəssüf olsun ki, bunun dəyişəcəyinə də oxşamır. Azərbaycan futbolunun perspektivi və gələcəyi qaranlıqdır", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən