"“Beşiktaş”-“Neftçi”, “Qalatasaray”-“Qarabağ” kimi qarşılaşmaları görmək istəyirəm" - Ertem Şener
““Turan Tovuz” Azərbaycanın yüksələn dəyəri və çox önəmli klublarından biridir. “Fənərbaxça” da Türkiyə futbolunun çox önəmli dəyərlərindən və böyük klublarındandır. İki klubun ortaq xüsusiyyəti isə onların əsl mənada idman klubu olmasıdır. Hər iki klubun futbol və voleybol komandaları var və bu sahələrdə çox güclüdürlər. Eyni zamanda gənclərə və uşaqlara idmanda mühüm imkanlar yaradırlar”.
Bunu Redaktor.az-a türkiyəli şərhçi Ertem Şener bildirdi.
“Mən Azərbaycan-Türkiyə münasibətlərində əlaqələrin hər zaman sıx tutulmasının tərəfdarıyam. Həm “Turan Tovuz”a, həm də “Fənərbaxça”ya təşəkkür edirəm. Hər iki klub çox dəyərli və təsirli qurumlardır. Bu cür təşkilatların və qarşılaşmaların artması iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Ümid edirəm ki, maraqlı və zövqlü oyun olacaq. Kaş ki, gələcəkdə onları Avropada – Çempionlar Liqasında, UEFA Avropa Liqasında və ya Konfrans Liqasında final oyununda qarşı-qarşıya görək. Bəlkə də bu qarşılaşma həmin böyük oyunların bir növ məşqi olacaq”, - o dedi.
Müsahibimiz “Turan Tovuz”un da “Qarabağ” və “Sabah” kimi Avropa kuboklarında uğurlu çıxış etməsini arzuladığını bildirdi:
“Bəlkə də hər iki komanda gələcəkdə baş tuta biləcək qarşılaşmaların məşqini edir. İrəlidə “Turan Tovuz” – “Fənərbaxça”, “Beşiktaş” – “Neftçi”, “Qalatasaray” – “Qarabağ” kimi qarşılaşmaları daha tez-tez görməyi çox istəyirəm. Eyni zamanda voleybolda Azərbaycan-Türkiyə, basketbolda Azərbaycan-Türkiyə qarşılaşmalarının da keçirilməsini arzulayıram. Bu yaxınlarda “Sabah”ın basketboldakı uğuru hamımızı qürurlandırdı. Klubun Çempionlar Liqasında yer alması da böyük əhəmiyyət daşıyır.
Qarşıdakı illərdə “Turan Tovuz”un da bütün kateqoriyalarda daha da güclənməsini istəyirəm. İki qardaş ölkənin münasibətləri baxımından bir-biri ilə daha çox qarşılaşması vacibdir. Bu, yalnız “Turan Tovuz” və “Fənərbaxça” ilə məhdudlaşmamalıdır. Avropada, müxtəlif idman növlərində birlikdə daha çox işlər görməli və birlikdə güclənməliyik. Hər iki komanda bütün sahələrdə çox uğurludur. Buna görə də “Turan Tovuz” və “Fənərbaxça”nın qarşılaşmasını çox dəyərli hesab edirəm. Bu görüşdə əməyi olan hər kəsə təşəkkür edirəm. İnanıram ki, “Turan Tovuz” – “Fənərbaxça” oyunu zövqlü və maraqlı mübarizə olacaq. Düşünürəm ki, çox yaxşı seçimdir. Buradan bütün azərbaycanlı qardaşlarıma sevgilərimi və salamlarımı göndərirəm”.
Xədicə BAXIŞLI













