Argentina bu komandaya aman vermədi: 7:0 hesablı darmadağın

 11:32 04.10.2026     185

Argentina milli komandası beynəlxalq yoldaşlıq görüşündə Burkina Faso yığmasını böyük hesabla məğlub edib. Qarşılaşma Argentina seçməsinin tam üstünlüyü şəraitində keçib və Cənubi Amerika təmsilçisi rəqibinin qapısından 7 cavabsız top keçirib.

Redaktor.az xəbər verir ki, Argentina oyuna çox sürətli başlayıb. Matçın cəmi 4-cü dəqiqəsində Lautaro Martines hesabı açaraq komandasını önə keçirib. Bundan cəmi dörd dəqiqə sonra Burkina Fasodan Mumuni Diallo topu öz qapısına göndərib və hesab 2:0 olub.

Argentinalılar bununla kifayətlənməyib. 12-ci dəqiqədə Canluka Prestyanni Lautaro Martinesin məhsuldar ötürməsindən sonra fərqi üç topa çatdırıb. Argentina ilk hissənin sonlarına doğru üstünlüyünü daha da artırıb.

35-ci dəqiqədə Niko Paz növbəti qolu vuraraq hesabı 4:0 edib. Bundan cəmi bir dəqiqə sonra Xulian Alvares Canluka Prestyanninin ötürməsini qola çevirib və ilk hissə Argentina yığmasının 5:0 üstünlüyü ilə başa çatıb.

İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Argentina topa daha çox nəzarət edib, rəqibinə hücum qurmaq imkanı verməyib. 57-ci dəqiqədə Franko Mastantuono Lautaro Martinesin ötürməsindən sonra hesabı 6:0-a çatdırıb.

Qarşılaşmanın yekun nəticəsini isə 90+3-cü dəqiqədə Culiano Simeone müəyyənləşdirib. Valentin Barkonun məhsuldar ötürməsindən sonra Simeone Burkina Faso qapıçısını məyus edib və Argentina matçı 7:0 hesablı möhtəşəm qələbə ilə başa vurub.

Argentina tam üstün olub

Matçın statistik göstəriciləri də Argentina millisinin meydandakı böyük üstünlüyünü əks etdirib. Topa sahibolmada Argentina 75 faizlik göstərici ilə Burkina Fasodan üstün olub. Afrika təmsilçisi isə topa cəmi 25 faiz nəzarət edə bilib.

Qapıya dəqiq zərbələrdə fərq daha böyük olub. Argentina futbolçuları rəqib qapısına 17 dəqiq zərbə endirdiyi halda, Burkina Faso cəmi 1 dəfə qapı çərçivəsini dəqiq nişan ala bilib.

Beləliklə, Argentina həm hesab, həm də oyun statistikası baxımından rəqibindən böyük üstünlüklə ayrılıb. 7:0 hesabı ilə başa çatan qarşılaşmada argentinalı futbolçular hücumdakı effektivliyi ilə diqqət çəkib və Burkina Faso yığmasına matç boyunca ciddi müqavimət göstərmək imkanı verməyib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən