“Barselona” “Real”ı 7:0 hesabı ilə darmadağın etdi - “El Klasiko”da tarix YAZILDI
İspaniya Qadınlar Liqasında (Liga F) mövsümün ən böyük hesablı qarşılaşmalarından biri baş tutub.
Redaktor.az xəbər verir ki, çempionatın 6-cı turunda “Barselona” doğma meydanda əzəli rəqibi “Real Madrid”i qəbul edib. “Spotify Kamp Nou” stadionunda keçirilən qarşılaşma kataloniya təmsilçisinin böyük üstünlüyü ilə yekunlaşıb – 7:0.
“Barselona” matçın ilk dəqiqələrindən etibarən oyunun təşəbbüsünü ələ alıb və artıq 4-cü dəqiqədə hesabı açıb. Klaudiya Pina cərimə meydançasının kənarında topu qəbul etdikdən sonra bir neçə rəqib futbolçunun arasından keçərək dəqiq zərbə ilə komandasını önə keçirib.
Kataloniya təmsilçisinin təzyiqi bununla da dayanmayıb. 28-ci dəqiqədə Pina yenidən fərqlənərək hesabı 2:0-a çatdırıb. Cəmi 4 dəqiqə sonra – 32-ci dəqiqədə isə Klaudiya Pina het-trikini rəsmiləşdirib.
“Real Madrid” müdafiədə ardıcıl səhvlər etdiyi halda, “Barselona” bundan maksimum yararlanıb. 33-cü dəqiqədə Karolin Qraham Hansen hesabı 4:0 edib.
İlk hissənin son dəqiqələrində isə Pina yenidən səhnəyə çıxıb. 45-ci dəqiqədə vurduğu qolla 4-cü dəfə fərqlənən hücumçu ilk yarını pokerlə başa vurub. Beləliklə, “Barselona” fasiləyə 5:0 hesablı üstünlüklə yollanıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. “Barselona” rəqibinə toparlanmağa imkan verməyib və 55-ci dəqiqədə Eva Pajor fərqlənərək hesabı 6:0-a çatdırıb.
Qarşılaşmanın sonlarında “Real Madrid” daha bir dəfə topu öz qapısından çıxarmalı olub. 88-ci dəqiqədə Sidni Şertenlayb uzaq məsafədən dəqiq zərbə ilə yekun hesabı müəyyənləşdirib – 7:0.
Beləliklə, “Barselona” “Real Madrid” üzərində tarixinin ən böyük hesablı qələbələrindən birini deyil, “El Klasiko” tarixində ən böyük fərqli qələbəni əldə edib. Qarşılaşmada 4 qol vuran Klaudiya Pina isə matçın şəksiz qəhrəmanı olub. O, “Real Madrid”ə qarşı bir oyunda 4 qol vuran ilk “Barselona” futbolçusu kimi də tarixə düşüb.
Qeyd edək ki, qarşılaşmanı “Spotify Kamp Nou”da 40 533 tamaşaçı izləyib. Bu göstərici Liga F tarixində yeni tamaşaçı rekordu kimi qeydə alınıb.
Turan ASLAN













