İspaniya qələbələrə doymur - Millətlər Liqası

 00:43 07.10.2026     204

UEFA Millətlər Liqasının A Liqasının 3-cü qrupu üzrə IV turunda İspaniya millisi səfərdə Xorvatiya ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən görüşdə İspaniya 2:1 hesabı ilə qalib gəlib.

Qarşılaşmada hesabı meydan sahibləri açıb. Matçın 17-ci dəqiqəsində İvan Perişiç Xorvatiyanı önə keçirib. İlk hissənin qalan bölümündə ispanlar hesabı dəyişmək üçün cəhd göstərsələr də, fasiləyə meydan sahiblərinin minimal üstünlüyü ilə gedilib.

İspaniya ikinci hissəyə əvəzləmə ilə başlayıb. Əlex Baenanın əvəzinə meydana Mikel Merino daxil olub. Bu dəyişiklik qonaqların oyunun gedişinə təsir göstərməsinə imkan verib.

61-ci dəqiqədə İspaniya hesabı bərabərləşdirib. Dani Olmonun ötürməsindən sonra Mikel Merino dəqiq zərbə ilə topu tora göndərib – 1:1.

Bundan sonra qarşılaşmada gərginlik daha da artıb. Luka Modriç və Rodri sarı vərəqə ilə cəzalandırılıb. Xorvatiya heyətində isə Modriç və Matanoviç əvəzlənib.

İspaniyanın heyətində də ardıcıl dəyişikliklər edilib. Rodri, Dani Olmo və Lamin Yamal meydanı tərk edib, onların əvəzinə Münyos, Zubimendi və Fermin Lopes oyuna daxil olub.

79-cu dəqiqədə Xorvatiya azlıqda qalıb. İvan Perişiç ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Say üstünlüyünü əldə edən İspaniya son dəqiqələrdə qələbə qolunu vurub. 88-ci dəqiqədə Martin Zubimendinin ötürməsindən sonra Mikel Merino bir daha fərqlənərək hesabı 2:1 edib.

Beləliklə, İspaniya səfərdə Xorvatiyanı 2:1 hesabı ilə məğlub edib və 3 xal qazanıb. Qarşılaşmanın əsas qəhrəmanı isə ikinci hissənin əvvəlində meydana daxil olaraq komandasına qələbə qazandıran Mikel Merino olub. İspaniyalı futbolçu görüşdə dubl edib.

Bu qələbədən sonra İspaniyanın qrupdakı xallarının sayı 12-yə yüksəlib. Komanda 4 oyundan 4 qələbə ilə liderliyini möhkəmləndirib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən