Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi
Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə məşhur futbolçunun yeni klubu rəsmi məlumat yayıb.
Müqavilənin müddəti barədə rəsmi açıqlama verilməsə də, razılaşmanın qısamüddətli xarakter daşıdığı bildirilir. Hazırda 40 yaşı olan Silva 2020-2023-cü illərdə İspaniyanın "Real Sosyedad" komandasının formasını geyinib və daha sonra karyerasını bitirmək qərarına gəlib. O, bundan əvvəl İngiltərənin "Mançester Siti" və İspaniyanın "Valensiya" klublarında çıxış edib, həmçinin icarə əsasında İspaniyanın "Selta" və "Eybar" komandalarının da şərəfini qoruyub.
Tanınmış futbolçu dörd dəfə İngiltərə çempionu olub, iki dəfə İngiltərə Kubokunu, beş dəfə İngiltərə Liqa Kubokunu və üç dəfə ölkə Superkubokunu qazanıb. Silva həmçinin iki dəfə İspaniya Kubokunun qalibi adını qazanıb. O, İspaniya yığmasının tərkibində dünya çempionatının (2010) və iki dəfə Avropa çempionatının (2008, 2012) qızıl medallarına sahib çıxıb. İspaniyalı yarımmüdafiəçi milli komandada ümumilikdə 125 oyun keçirib, 35 qol vurub və 32 məhsuldar ötürmə ilə yadda qalıb.













