"Onun yol göstərməsi olmasaydı, bura qədər gəlib çıxa bilməzdik" - Messi
Argentina millisinin kapitanı Lionel Messi milli komandadakı son matçından sonra instaqram hesabında duyğusal paylaşım edib.
Redaktor.az xəbər verir ki, futbolçu Argentina formasını geyinmək üçün artıq darıxdığını bildirib və milli komandadakı karyerası ilə bağlı hisslərini bölüşüb.
“Dünən mənim son matçım idi və artıq göy-ağ formanı geyinmək üçün darıxıram. Doğru qərar verdiyimi bilirəm. Bu, sevinclərlə və həmçinin bəzi kədərlərlə dolu inanılmaz bir yol idi, amma atdığım hər bir addıma dəydiyinə əminəm”, – Messi qeyd edib.
O, bu yol ərzində yaşadığı bütün hissləri bir neçə sözlə ifadə etməyin mümkün olmadığını vurğulayıb:
“Və demək istədiyim hələ çox şey qaldı. Hiss etdiklərimin hamısını bir neçə sözlə və ya bir paylaşımla ifadə etmək mənim üçün qeyri-mümkündür. Həmişə yanımda olan və xüsusən də ən çox ehtiyac duyduğum çətin anlarda mənə dəstək olan ailəm olmasaydı, bu səyahət qeyri-mümkün olardı”.
Messi dostlarına, komanda yoldaşlarına, məşqçilərinə və onların heyətlərinə də təşəkkür edib.
“Dostlarım, birlikdə çalışdığım bütün komanda yoldaşlarım, məşqçilərim və onların heyətləri də əvəzolunmaz idilər. Ölkəmizi layiq olduğu yerə qaldıran Dieqonu da unutmaq istəmirəm; həmişə dediyim kimi, atdığımız hər bir addımda istər yanımızda olaraq, istərsə də səmadan bizə kömək etdiyini bilirəm”, – deyə argentinalı ulduz yazıb.
Messi çıxış etdiyi klublara da milli komandada oynamaq üçün yaratdıqları şəraitə görə minnətdarlığını bildirib:
“Oynadığım klublara da təşəkkür edirəm ki, həmişə mənim hissələrimə hörmətlə yanaşdılar və milli komandanın formasını geyinmək vaxtı gələndə özümü ölkəmə həsr etməyimə şərait yaratdılar”.
O, paylaşımının sonunda Allaha təşəkkür edib və azarkeşlərinə sevgisini ifadə edib:
“Və əlbəttə ki, Allaha təşəkkür edirəm: Onun yol göstərməsi və iradəsi olmasaydı, bura qədər gəlib çıxmağı xəyal belə edə bilməzdik.
Minnətdaram. Sizi çox sevirəm, sizin üçün darıxacam və yanımızda, yanımda olduğunuz üçün sizə həmişə təşəkkür edəcəyəm”.
Turan ASLAN













