Azərbaycan və Türkiyə FIFA reytinqində gerilədi
FIFA milli komandaların dünya reytinqinin oktyabr ayı üçün yenilənmiş siyahısını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Azərbaycan millisi bir pillə geriləyərək 127-ci sıraya düşüb. Ayxan Abbasovun rəhbərlik etdiyi yığmanın hesabında 1138,96 xal var. Komandamız əvvəlki reytinqdə 126-cı yerdə qərarlaşmışdı.
Azərbaycan millisi son 4 qarşılaşmada məğlub olmayıb. Yığmamız yoldaşlıq görüşündə Tacikistanı (1:0), UEFA Millətlər Liqasında isə Litvanı (1:0) məğlub edib. Komandamız Litva ilə səfərdə 1:1, Lixtenşteynlə Bakıda isə 0:0 hesablı heç-heçə edib.
Türkiyə millisinin də mövqeyi pisləşib. Qardaş ölkə təmsilçisi 4 pillə geriləyərək 1563,54 xalla 27-ci yerdən 31-ci sıraya düşüb.
Reytinqə 2011,57 xalla İspaniya başçılıq edir. Argentina ikinci, Fransa isə üçüncü yerdədir.













