""Sabah” “Slaviya Praqa”dan daha güclü idi” - ŞƏRH
Xəbər verdiyimiz kimi, dünən UEFA Çempionlar Liqasının liqa mərhələsinin II turunda Azərbaycan təmsilçisi “Sabah” FK Bakıda Çexiyanın “Slaviya Praqa” klubunu 2:0 hesabı ilə məğlub edib.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında idman jurnalisti Kənan Məstəliyev bildirdi ki, "Sabah" çox gözəl və layiqli qələbə qazandı:
"Səhvlər də var idi. Müdafiəmizdə bəzən elə epizodlara yol verirdik ki, rəqib bundan yararlana bilərdi. Amma biz də kifayət qədər şans əldə etdik və onlardan ikisini qola çevirə bildik. Oyunda “Sabah”ın istəkli, əzmli və mübariz oyununa şahidlik etdik. Komanda daxilində qələbəni ən çox istəyən tərəf məhz “Sabah” idi. Öz azarkeşlərinin önündə, ilk ev Çempionlar Liqası matçında komanda qələbə qazanmaq, özünə motivasiya əldə etmək istəyirdi və buna nail oldu. “Slaviya Praqa” yaxşı komanda idi, amma gözlənildiyi kimi, o qədər də favorit komanda deyildi. Çünki xüsusilə əks-hücumlar zamanı müdafiədə boşluqlar verirdilər, cinahlarda boşluqlar yaranırdı, orta xəttdə problemlər var idi. Yəni “Sabah” rəqibindən daha güclü idi".
Müsahibimiz qeyd etdi ki, "Sabah"ın təcrübəsizlikdən irəli gələn həyəcanı komandamızın daha çox qol vurmaq və nəticəni sona saxlamadan ilk hissədə oyunun taleyini həll etmək imkanının üstündən xətt çəkdi:
"Hücum zonasında daha yaxşı oynaya bilərdik, tələskənliyə yol verməyə bilərdik. Xüsusilə son ötürmələrdə tələsməyimiz komandaya xas olan bir məqamdır. Amma bu da təcrübəsizlikdən irəli gəlir. Fasilədən sonra isə komanda toparlandı. "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın düzgün taktika qurduğunu və onu sona qədər icra etdiyini qeyd etmək lazımdır. Onlar istəklərinə nail oldular. Ümumiyyətlə, Litva çempionu rəqibini yaxşı analiz etmişdi. Bilirdi ki, “Sabah” sürətlə hücuma keçən, eyni zamanda, 90 dəqiqə ərzində pressinq etməyə çalışan komandadır. Belə komandalara qarşı müdafiədən topla, paslarla çıxmaq, növbəti mərhələdə isə uzun və ya qısa ötürmələrlə orta xəttə keçərək oradan sürətli əks-hücumlar qurmaqla qalib gəlmək olar. Bu plan da həyata keçirildi. Düzdür, ilk hissədə plan o qədər də uğurlu alınmadı. Amma nə məşqçi, nə də onun yetirmələri hesabın necə olmasından asılı olmayaraq, bu plandan dönmədilər. Doğru addım ataraq öz işlərini, planlarını davam etdirdilər. Bunun nəticəsi də tabloda göründü. “Sabah” yaxşı oynadı, qələbəyə layiq idi və böyük bir qələbə qazandı. Ümid edirəm ki, bu qələbə əmsallarımıza xal qazandırmaqla yanaşı, komandanın növbəti qarşılaşmalarda daha motivasiyalı və istəkli olması üçün də stimul rolunu oynayacaq".
Xədicə BAXIŞLI













