Çempionlar Liqasında məhsuldarlıq rekordu yenilənib
UEFA Çempionlar Liqasının 2026/2027-ci illər mövsümünün liqa mərhələsinin II turu məhsuldarlıq baxımından turnirin rekordunu yeniləyib.
Redaktor.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 18 oyunda qapılara ümumilikdə 78 qol vurulub. Bu, hər matçda orta hesabla 4,33 qol deməkdir.
Turun ən məhsuldar qarşılaşmalarından birində “Liverpul” (İngiltərə) LASK-a (Avstriya) 6:3, “Brügge” (Belçika) “İnter”ə (İtaliya), “Real Madrid” (İspaniya) isə “Roma”ya (İtaliya) 4:3 hesabı ilə qalib gəlib. “Aston Villa” (İngiltərə) “Fənərbağça”nı (Türkiyə) 6:0 hesabı ilə darmadağın edib. “Bavariya” (Almaniya) “Vikinq”lə (Norveç) 3:3 hesablı heç-heçə edib, PSJ (Fransa) isə “Mançester Siti”ni (İngiltərə) 4:2 hesabı ilə üstələyib.
Əvvəlki rekord 2025/2026-cı illər mövsümünün III turunda qeydə alınmışdı. Həmin vaxt 18 matçda 71 qol vurulub və orta göstərici 3,94 olub.
Qeyd edək ki, Çempionlar Liqasının formatı 2024/2025-ci illər mövsümündən dəyişdirilib. Qrupları 36 komandanın iştirak etdiyi liqa mərhələsi əvəzləyib. Nəticədə hər turda keçirilən oyunların sayı 16-dan 18-ə yüksəlib.













