Bu bitkiyə Messinin adı VERİLDİ
Perunun And dağlarında aşkarlanan yeni bitki növünə argentinalı futbolçu Lionel Messinin şərəfinə Salvia messii adı verilib.
Redaktor.az xəbər verir ki, bitkinin ağ və açıq mavi rəngli çiçəkləri Argentina millisinin formasının rənglərini xatırladır. Bu xüsusiyyət alimləri yeni növə məşhur futbolçunun adını verməyə sövq edib.
Tədqiqat Perudan və Argentinadan olan alimlər tərəfindən aparılıb. Nəticələr beynəlxalq botanika jurnalı “Phytotaxa”da dərc olunub.
Təxminən 1,5 metr hündürlüyə çata bilən bitki Perunun mərkəzi və cənub hissəsindəki And dağlarına xasdır. Məhdud yayılma arealına və yaşayış mühitinə yaranan təhlükələrə görə növ nəsli kəsilmək təhlükəsi altında olan bitkilər sırasına daxil edilib.












