Messi dubl etdi, komandasına qələbə QAZANDIRDI
ABŞ-də Major League Soccer (MLS) çərçivəsində keçirilən qarşılaşmada "İnter Mayami" səfərdə "Atlanta Yunayted" üzərində 3:1 hesablı qələbə qazanıb.
Redaktor.az xəbər verir ki, matçın baş qəhrəmanı komandasının qələbəsində mühüm rol oynayan dünya şöhrətli ulduz Lionel Messi olub.
Görüşün 45-ci dəqiqəsində Luis Suaresin ötürməsindən sonra German Berterame hesabı açaraq qonaqları önə keçirib.
İkinci hissədə səhnəyə Lionel Messi çıxıb. Argentinalı futbolçu 56-cı dəqiqədə Berteramenin ötürməsindən sonra fərqi iki topa çatdırıb. Cəmi dörd dəqiqə sonra isə Suaresin ötürməsindən yararlanan Messi özünün ikinci, komandasının üçüncü qolunu vurub.
"Atlanta Yunayted" matçın 89-cu dəqiqəsində Fafa Pikonun qolu ilə hesab arasındakı fərqi azaltsa da, görüş 3:1 hesabı ilə başa çatıb.
Matçın son dəqiqələri də gərgin keçib. Görüşün əlavə olunmuş vaxtında, 90+6-cı dəqiqədə Lionel Messi sarı vərəqə alıb.
Bu qələbə ilə "İnter Mayami" MLS-in Şərq Konfransının turnir cədvəlində ikinci pillədəki mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, bu oyunda vurduğu iki qolla Lionel Messinin "İnter Mayami"dəki qol sayı 106-ya, peşəkar karyerası ərzində vurduğu ümumi qolların sayı isə 936-ya çatıb.
Turan ASLAN












