"Qalatasaray"dan möhtəşəm qələbə - Çempionlar Liqası
UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda Türkiyənin “Qalatasaray” klubu Fransada “Lill”in qonağı olub.
Redaktor.az xəbər verir ki, “Decathlon Arena – Stade Pierre-Mauroy” stadionunda keçirilən qarşılaşmada İstanbul təmsilçisi məhsuldar oyunu ilə diqqət çəkib. Matçın 61-ci dəqiqəsinədək dörd qol vuran “Qalatasaray” hesabı 4:2-yə çatdırıb.
Qarşılaşmaya sürətli başlayan qonaqlar artıq ikinci dəqiqədə hesabı açıblar. Yunus Akgünün dəqiq zərbəsi “Qalatasaray”ı önə keçirib. Lakin Fransa təmsilçisinin cavabı gecikməyib. Soriba Diaoune yeddinci dəqiqədə fərqlənərək hesabı bərabərləşdirib.
Görüşün ilk hissəsində komandalar hücum futboluna üstünlük veriblər. 39-cu dəqiqədə yenidən səhnəyə çıxan Soriba Diaoune dublunu rəsmiləşdirərək “Lill”i hesabda önə keçirib. Bununla belə, Türkiyə təmsilçisi fasiləyə məğlub yollanmayıb. Aleksey Batrakov 44-cü dəqiqədə Roland Sallainin ötürməsindən sonra topu rəqib qapısından keçirərək tarazlığı bərpa edib.
Beləliklə, komandalar ilk hissəni 2:2 hesabı ilə başa vurublar. Gərgin mübarizə və qarşılıqlı hücumlarla yadda qalan ilk 45 dəqiqə ikinci hissədə də maraqlı oyunun davam edəcəyini göstərib.
Fasilədən sonra təşəbbüsü ələ alan “Qalatasaray” 52-ci dəqiqədə yenidən hesabda önə keçib. “Lill”in qapıçısı Berke Özerin avtoqolu qonaqların üstünlüyünü təmin edib. Bu qoldan sonra Fransa təmsilçisi hesabı bərabərləşdirmək üçün irəli atılsa da, Türkiyə klubu rəqib müdafiəsində yaranan boşluqlardan yararlanmağa çalışıb.
61-ci dəqiqədə Viktor Osimhen fərqi iki topa çatdırıb. Barış Alper Yılmazın ötürməsindən sonra fərqlənən nigeriyalı hücumçu komandasının üstünlüyünü möhkəmləndirib və hesabı 4:2 edib.
Qeyd edək ki, “Qalatasaray” Çempionlar Liqasının cari mövsümündə ilk xallarını qazanıb. İstanbul klubu bundan əvvəl liqa mərhələsində “Sportinq”ə 1:3, “Barselona”ya isə 1:4 hesabı ilə məğlub olub. “Lill” isə əvvəlki oyunlarında “Real Betis”ə 2:3, “Arsenal”a 0:3 hesabı ilə uduzub.
Turan ASLAN












