“Barselona” “Qalatasaray”ın futbolçusunu transfer etmək istəyir

 23:53 22.10.2026     139

İspaniyanın “Barselona” klubu Türkiyənin “Qalatasaray” komandasında çıxış edən rusiyalı hücumameyilli yarımmüdafiəçi Aleksey Batrakova maraq göstərir.

Redaktor.az xəbər verir ki, jurnalist Erkem Konur bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, kataloniyalıların futbolçuya marağı Batrakovun Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda “Barselona”nın qapısına cərimə meydançasının xəttindən zərbə ilə qol vurmasından sonra artıb. Həmin görüş İspaniya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oktyabrın 21-də “Qalatasaray” Fransanın “Lill” klubunu 4:2 hesabı ilə məğlub edib. Batrakov 44-cü dəqiqədə baş zərbəsi ilə İstanbul təmsilçisinin ikinci qolunu vurub. Bu, rusiyalı futbolçunun Çempionlar Liqasında ardıcıl ikinci matçda fərqlənməsi olub.

“Qalatasaray” növbəti oyununu oktyabrın 26-da Türkiyə çempionatının doqquzuncu turu çərçivəsində “Fənərbağça”ya qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Batrakovun Moskvanın “Lokomotiv” klubundan “Qalatasaray”a keçidi avqustun 20-də rəsmən elan olunub. Tərəflər arasında beşillik müqavilə imzalanıb.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən