Lionel Messiyə İspaniyada mükafat veriləcək
Argentinalı futbolçu Lionel Messi İspaniyaya səfər edib.
Redaktor.az xəbər verir ki, “İnter Mayami”nin hücumçusu Ovyedo şəhərində keçiriləcək “Asturiya Şahzadəsi”nin 2026-cı il idman mükafatının təqdimetmə mərasimində iştirak edəcək.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Messi oktyabrın 22-də həyat yoldaşı Antonela Rokkuzzo ilə birlikdə Ovyedoya gəlib. Futbolçunu qaldığı otelin qarşısında yüzlərlə azarkeş qarşılayıb. O, tərəfdarlarla görüşərək onların bəzilərinə avtoqraf verib.
Məlumata görə, argentinalı futbolçu oktyabrın 22-də İspaniya kralı VI Felipe və kraliça Letisiya ilə rəsmi şam yeməyinə dəvət olunub. Şam yeməyində kral ailəsinin üzvləri ilə yanaşı, builki mükafatın digər laureatları da iştirak edib.
Oktyabrın 23-də Messi İspaniya kral ailəsinin təşkil etdiyi rəsmi qəbulda iştirak edəcək. Daha sonra Ovyedodakı Kampoamor teatrında keçiriləcək “Asturiya Şahzadəsi” mükafatlarının təqdimetmə mərasiminə qatılacaq. İdman kateqoriyasında mükafatın təqdim olunması yerli vaxtla saat 18:30-a planlaşdırılıb.
Mükafat Messiyə futbol sahəsindəki nailiyyətlərinə, uzunmüddətli idman karyerasına və aztəminatlı uşaqların təhsil və səhiyyə imkanlarının yaxşılaşdırılmasına yönəlmiş xeyriyyəçilik fəaliyyətinə görə verilir.
Qeyd edək ki, futbolçunun İspaniyada səfəri qısa olacaq. O, mərasimdən sonra ABŞ-yə qayıdaraq “İnter Mayami”nin oktyabrın 24-də “Nyu-York Red Bullz”la keçirəcəyi MLS oyununa hazırlaşmalıdır.
Turan ASLAN













