"Tanınmış şəxslərin, eləcə də FIFA prezidentinin ölkəmizdə iştirakı əlavə stimul yaradır" - Deputat
“Ölkəmizdə hazırda futbol üzrə 15 yaşlılar arasında dünya çempionatı keçirilir. Bu, gənclərimiz üçün öz güclərini sınamaq, gözəl təcrübə qazanmaq və eyni zamanda tanınmış futbolçuları yaxından izləmək baxımından çox yaxşı imkandır. Ümumiyyətlə, ölkəmizdə idman sahəsinə dövlət başçısı tərəfindən böyük dəstək göstərilir. Bildiyimiz kimi, hər il Azərbaycanda beynəlxalq turnirlər, tədbirlər və yarışlar keçirilir. İdman sahəsində bu imkanlar getdikcə genişlənir. Beynəlxalq turnirlərin, dünya və Avropa çempionatlarının məhz Azərbaycanda keçirilməsi dövlətin bu sahəyə göstərdiyi diqqət və dəstəyin nəticəsidir”.
Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Göydəniz Qəhrəmanov bildirdi.
O qeyd etdi ki, futbol ölkəmizdə sevilən idman növlərindən biridir:
"Bu idman növünü həm gənclər, həm də yaşlı nəsil çox sevir. Belə bir tədbirin keçirilməsi eyni zamanda gənc futbolçular və təmsilçilər üçün şansdır. Şübhəsiz ki, bu da ölkəmizdə həyata keçirilən düzgün idman siyasətinin nəticəsidir. Beynəlxalq təşkilatların məhz Azərbaycana üz tutması və bu tədbirlərin ölkəmizdə keçirilməsinə böyük maraq göstərilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, tədbirlərdə iştirak edən qonaqların klubların oyunlarını və keçirilən yarışları izləməsi də çox yaxşı haldır. Tanınmış şəxslərin, eləcə də FIFA prezidenti Canni İnfantinonun ölkəmizdə iştirak etməsi və oyunları izləməsi həm futbolçular, həm də azarkeşlər üçün əlavə stimul yaradır”.
Millət vəkili hesab edir ki, Azərbaycanda idman sahəsi daha da genişlənəcək:
“Gənclərimizin bu ruhda böyüməsi və inkişaf etməsi, sözsüz ki, böyük əhəmiyyət daşıyır. Hesab edirəm ki, gənclərimiz yaradılan bu imkanlardan səmərəli istifadə etməlidirlər”.
Xədicə BAXIŞLI












