Aleksia Putelyas üçüncü dəfə “Qızıl top” mükafatını qazandı

 08:56 27.10.2026     112

İspaniyalı futbolçu Aleksia Putelyas 2026-cı ildə qadın futbolçular arasında “Qızıl top” mükafatının qalibi olub.

Redaktor.az xəbər verir ki, mükafatlandırma mərasimi oktyabrın 26-da İngiltərənin paytaxtı Londonda keçirilib. “Qızıl top” uğrunda mübarizədə Putelyas polşalı hücumçu Eva Paxor və yamaykalı futbolçu Xədicə Şounu qabaqlayıb.

32 yaşlı yarımmüdafiəçi bu mükafata karyerasında üçüncü dəfə layiq görülüb. O, daha əvvəl 2021 və 2022-ci illərdə dünyanın ən yaxşı qadın futbolçusu seçilmişdi.

Putelyas 2025/2026 mövsümündə “Barselona”nın heyətində uğurlu çıxışı ilə diqqət çəkib. İspaniyalı futbolçu UEFA Qadınlar Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu seçilib. O, turnirdə 7 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Putelyas 2026-cı ilin iyulunda “Barselona”dan ayrılaraq İngiltərənin “London Siti Layones” klubuna keçib.

Qeyd edək ki, qadın futbolçular arasında “Qızıl top” mükafatı 2018-ci ildən təqdim olunur.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən