“Futbol meydançaları əlçatan olmalıdır ki, uşaqlar bu idmana üz tutsunlar” – Deputat

 16:29 27.10.2026     107

“Ölkəmiz üçün futbolun əhəmiyyəti olduqca böyükdür və bu sahəyə xüsusi diqqət ayrılması önəmlidir. Xüsusilə, 15 yaşadək futbolçular arasında dünya çempionatının keçirilməsi, FİFA prezidentinin də bu tədbirə gəlməsi və idmançılarla görüşməsi əlavə stimul, eyni zamanda, əlavə məsuliyyətdir. Sevindiricidir ki, AFFA bu fürsətdən istifadə edərək çox nümunəvi meydançalar saldı. Bu meydançalar təkcə yarış günləri üçün nəzərdə tutulmur, yarışdan sonrakı dövrdə də idmançıların ixtiyarına veriləcək. Əslində, Azərbaycanda normal idman meydançalarının çatışmazlığı problemi də var. Ona görə də belə bir şəraitdə bu cür idman meydançalarının salınması çox faydalıdır. Bu, ölkədə uşaq futbolunun inkişafına diqqət yönəltmək üçün də əla fürsətdir”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirdi.

Müsahibimiz əlavə etdi ki, FİFA prezidenti Canni İnfantinonun Azərbaycanda futbol həyatı ilə tanış olması və futbol derbisinə baş çəkməsi də yaxşı əlamətdir.

“Çünki bizim inkişafımız həm də futbol federasiyasının və beynəlxalq qurumların dəstəyindən çox asılıdır. Biz bu dəstəyi də ağıllı şəkildə dəyərləndirməliyik. Düşünürəm ki, bu dünya çempionatında Azərbaycan komandasının ev sahibi kimi iştirakı, ölkə prezidentinin futbolçularla səmimi görüşü – bunların hamısı bir məqama xidmət edir: futbolun inkişafına dövlət səviyyəsində böyük maraq var. Sadəcə, icra mexanizmləri o qədər çevik işləməlidir ki, ayrılan imkanlar və yaradılan şərait səmərəli nəticə versin. Çünki əsas məsələ nəticədir. İndi böyük nəticələr olmasa da, hər halda, ən azı uşaq və gənclər futbolu sahəsində müəyyən uğurların qazanılması üçün imkanlarımızı səfərbər etməliyik. Bütün hallarda bunu təqdir edirəm. Xüsusilə də AFFA-nın futbol meydançalarının salınması istiqamətindəki son addımları təqdirəlayiqdir”.

Millət vəkili vurğuladı ki, bu şəbəkəni genişləndirmək lazımdır:

“Əlçatan meydançaların olması həm də futbolçuların yetişməsi deməkdir. Meydançaların müəyyən dərəcədə ödənişsiz olması daha çox uşağın bu prosesə cəlb edilməsinə şərait yaradır. Çünki bir çox ailələrdə, xüsusilə də aztəminatlı ailələrdə maddi imkansızlıq uşaqların hər hansı idman növü ilə məşğul olmasına mane olur. Belə ailələr üçün yol və idman zalı xərclərini qarşılamaq çətinlik yaradır. Bu amil nəzərə alınaraq müəyyən məsələlər qaydaya salınsa, idmanda, xüsusilə də futbolda kütləvilik daha sürətlə artacaq”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən