Mbappenin zarafatına görə futbol formalarını YANDIRIRLAR
Çində futbol azarkeşləri Fransa millisinin və “Real Madrid” klubunun hücumçusu Kilian Mbappenin Mao Tszedunla bağlı zarafatından sonra futbolçunun formalarını yandırır, onun təsvir olunduğu plakatları cıraraq tapdalayırlar.
Redaktor.az xəbər verir ki, bu barədə EFE agentliyi görüntülər yayıb.
Kadrlarda azarkeşlərin Mbappenin formasını yandırdığı, onun təsvir olunduğu plakatları cırıb tapdaladığı görünür. Videolardan birində kişi futbolçunu boykot etməyə çağırır və onu heç vaxt bağışlamayacağını bildirərək Fransa millisinin Mbappe yazılı formasını yandırır.
Narazılığa sosial şəbəkələrdə yayılan video səbəb olub. Həmin görüntülərdə Mbappe üzünün hansısa şəxsin, ehtimal ki, Çin lideri Mao Tszedunun təsviri üzərinə yerləşdirildiyi memi ən gülməli hesab etdiyini deyib. Futbolçunun sözləri Çində mənfi qarşılanıb.
Hadisədən sonra Çinin Dongpeng və Mengniu şirkətləri Mbappe ilə reklam müqavilələrini dayandırıb. Şirkətlər milli hissləri təhqir edən hərəkətlərə qarşı sıfır tolerantlıq siyasəti yürütdüklərini bildiriblər. Daha sonra Mbappe çinli azarkeşlərdən üzr istəyib.
NURİYYƏ













