Millimizin üzvündən İtaliyada qələbə QOLU
Azərbaycan U-21 millisinin üzvü Lorenzo Mezzotero İtaliyanın məşhur “Sampdoriya” klubunun əsas komandasında ilk qolunu vurub.
Redaktor.az xəbər verir ki, 18 yaşlı hücumçu İtaliya B Seriyasının X turunda “Virtus Entella” ilə keçirilən qarşılaşmada fərqlənib.
Oktyabrın 31-də baş tutan matçda “Sampdoriya” rəqibini 2:0 hesabı ilə məğlub edib.
Görüşə ehtiyat oyunçular skamyasında başlayan Mezzotero 17-ci dəqiqədə meydana daxil olub. O, 42-ci dəqiqədə Tyaş Begiçin ötürməsini qola çevirərək komandasının ikinci qolunu vurub.
Bu, gənc futbolçunun “Sampdoriya”nın əsas komandasında və İtaliya B Seriyasında ilk qolu olub.
Qeyd edək ki, İtaliyada dünyaya gələn Mezzotero uşaqlığının bir hissəsini Azərbaycanda keçirib.
O, “Qarabağ” və “Neftçi”nin futbol akademiyalarında yetişib. Hazırda Azərbaycanın U-21 millisinin formasını geyinir.













