Yamalın atası oğlunun əsl soyadını açıqladı
"Barselona" və İspaniya milli komandasının 19 yaşlı futbolçusu Lamin Yamalın atası Munir Nasraui oğlunun soyadı ilə bağlı yayılan müzakirələrə aydınlıq gətirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Çempionat" məlumat yayıb.
Nasraui bildirib ki, oğlunun əsl soyadı Yamal deyil, Nasraui Ebanadır.
"Qulaq asın, sizə bir şey deyəcəyəm və istəyirəm ki, bunu istisnasız olaraq hər kəs bilsin. Oğlumun adı Lamin Yamaldır. Lakin Yamal onun soyadı deyil, xanımlar və cənablar! Onun soyadı Nasraui Ebanadır.
İstəyirəm ki, hər kəs nəhayət bunu anlasın və bu adları bir-biri ilə səhv salmağa son qoysun. Lamin Yamal mürəkkəb addır. Məhz buna görə də ata olaraq ona həmişə belə deyirəm: "Lamin Yamal, biz həm xoş günlərdə, həm də çətin vaxtlarda bir yerdəyik, mənim oğlum".
Bir şeyi də yadınızda saxlayın: Lamin Yamal futbol meydanında olduğu müddətcə siz heç vaxt zirvədə ola bilməyəcəksiniz", - deyə Nasraui sosial şəbəkədəki canlı yayımında bildirib.













