""Vikinq” təslim olmayacaq, “Sabah” sona qədər dözməlidir” - AÇIQLAMA
Bildiyimiz kimi, Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində IV tur oyununu keçirəcək. Təmsilçimiz səfərdə Norveç çempionu “Vikinq”in qonağı olacaq.
İdman eksperti Kənan Məstəliyev Redaktor.az-a açıqlamasında bildirdi ki, bu gün çox ağır və çətin qarşılaşma olacaq:
"Çünki oyun səfərdə keçiriləcək. Ümumiyyətlə, Norveç səfərləri digər rəqiblər üçün də həmişə çətin olub. Çünki Norveç futbolu hazırda böyük yüksəliş dövrünü yaşayır. Eyni zamanda, Norveç komandaları döyüşkənliyi ilə seçilir və öz meydanlarında rəqibin kimliyindən asılı olmayaraq yaxşı mübarizə aparır, son ana qədər təslim olmurlar. İllər əvvəl “Bodo-Qlimt”in başladığı uğurlu yolu indi “Vikinq” davam etdirir. Norveç komandalarına qarşı səfərdə oynamaq həmişə çətin olub və indi də belədir. “Vikinq” hücumameyilli komandadır. Son illərdə yüksək pressinqlə oynayır, kollektiv şəkildə hücumlarda iştirak edir. Xüsusilə cinah müdafiəçilərinin hücumdakı məhsuldarlığı diqqət çəkir. Bu komanda hətta “Bavariya” kimi dünya nəhənginə qarşı da müdafiə futbolu oynamamış, hücum etməyə üstünlük vermiş və bir xal qazanmışdı. Ona görə də qarşılaşmanın çətin keçəcəyi şübhəsizdir".

Müsahibimiz əlavə etdi ki, “Sabah” da bu mərhələyə təsadüfən gəlib çıxmayıb:
"Çempionlar qarşısında oynayan istənilən komanda güclüdür. Rəqibin kimliyindən asılı olmayaraq, oynamaq lazımdır. Komanda mübarizə aparmağı bacarır. Bir qədər əvvəl qeyd etdiyim kimi, “Vikinq”in hücum potensialı güclüdür. Bununla yanaşı, müdafiəsində də boşluqlar var. Xüsusilə orta xəttlə cinahlar arasında yaranan boşluqlardan istifadə etmək mümkündür. Komanda bu zonalara edilən ara ötürmələrinin qarşısını almaqda çətinlik çəkir. Eyni zamanda, cinah müdafiəçilərinin hücuma qoşulması həmin mövqelərdə boşluqlar yaradır və rəqibə manevr imkanları verir. Bu oyun üslubu “Sabah” üçün də uyğundur. Sadəcə, komanda öz oyununu göstərməli və sona qədər dözməyi bacarmalıdır. Hesabın necə olmasından asılı olmayaraq, rəqib təslim olmayacaq, təzyiqini davam etdirəcək. Düşünürəm ki, bu qarşılaşmadan qazanacağımız bir xal belə bizim üçün uğurlu nəticə sayıla bilər. Qələbə də qazana bilərik, məğlub da ola bilərik. Əslində, “Sabah”ın bu mərhələyə qədər gəlib çıxması özü də uğurdur. Nəticədən asılı olmayaraq, əsas odur ki, yaxşı oyun göstərək. Nəticə də öz-özünə gələcək".
Xədicə BAXIŞLI













