Çempionlar Liqasında görünməmiş darmadağın: 9:1 hesabı ilə qalib gəldilər

 10:19 05.11.2026     33

Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda sensasiyalı nəticə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, İtaliyanın "Komo" klubu səfərdə Fransanın "Lans" komandasını 9:1 hesabı ilə məğlub edib.

Noyabrın 4-də "Stad Bollaert-Delelis" stadionunda keçirilən qarşılaşmada qonaqlar ilk hissədə üç qol vurublar. Tasos Duvikas 7-ci və 32-ci dəqiqələrdə fərqlənərək dubl edib. 40-cı dəqiqədə isə Nikolas Paz hesabı 3:0-a çatdırıb.

İkinci hissədə də üstünlüyünü davam etdirən "Komo" 47-ci dəqiqədə Lukas Da Kunhanın qolu ilə fərqi artırıb. 54-cü dəqiqədə Mark-Oliver Kempf, 57-ci dəqiqədə isə Duvikas növbəti qollarını vurublar. Bununla da yunanıstanlı hücumçu het-trikə imza atıb.

62-ci dəqiqədə Mattia Liberali hesabı 7:0 edib. "Lans"ın yeganə qolunu 67-ci dəqiqədə Ruben Agilar vurub. Lakin bu qol meydan sahiblərinin məğlubiyyətini yüngülləşdirməyə kifayət etməyib. Martin Baturina 69-cu dəqiqədə səkkizinci, Matteo Papaccioli isə 90+1-ci dəqiqədə doqquzuncu qolu vuraraq matçın yekun nəticəsini müəyyənləşdirib.

Beləliklə, Cesk Fabreqasın rəhbərlik etdiyi "Komo" Çempionlar Liqasında mövsümün ən yaddaqalan nəticələrindən birinə imza atıb. Qarşılaşmanın ən yaxşı oyunçusu het-trik edən Tasos Duvikas seçilib.

"Komo" Çempionlar Liqasının turnir cədvəlində

"Komo" üçün bu mövsüm Çempionlar Liqasında debüt xarakteri daşıyır. İtaliya təmsilçisi ilk iştirakında uğurlu çıxış edərək dörd turdan sonra 9 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Komanda indiyədək üç qələbə qazanıb, bir dəfə məğlub olub. "Komo" rəqib qapılarından 19 top keçirib, öz qapısında isə 6 qol görüb.

İtaliya klubu daha əvvəl "Leypsiq"i 4:1, "Mançester Yunayted"i 4:1 hesabı ilə məğlub edib, "Feyenoord"a isə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, "Komo" növbəti turda Yunanıstanın AEK klubu ilə qarşılaşacaq.

"Komo" İtaliya çempionatında da ilk dördlükdədir

"Komo"nun uğurları yalnız Çempionlar Liqası ilə məhdudlaşmır. Komanda İtaliya A Seriyasında da yüksək nəticələr göstərir.

2026/2027 mövsümündə 10 turdan sonra 23 xal toplayan klub turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Komanda 7 qələbə qazanıb, 2 heç-heçə edib və cəmi bir dəfə məğlub olub. Top fərqi 18:8-dir.

A Seriyasının ilk dördlüyü belədir:

  1. "Latsio" – 28 xal

  2. "İnter" – 25 xal

  3. "Roma" – 24 xal

  4. "Komo" – 23 xal.

Beləliklə, Cesk Fabreqasın komandası həm İtaliya çempionatında, həm də Çempionlar Liqasında ilk dördlükdə qərarlaşıb.

Çempionlar Liqası tarixində belə böyükhesablı qələbələr

"Komo"nun 9:1 hesablı qələbəsi Çempionlar Liqası tarixində ən böyükhesablı qələbə rekordunu təkrarlayıb.

Bundan əvvəl turnirdə 8 top fərqi ilə qələbə qazanan iki komanda olmuşdu:

  • "Liverpul" – "Beşiktaş" 8:0 (2007): İngiltərə klubu qrup mərhələsində Türkiyə təmsilçisini darmadağın edib. Yossi Benayoun het-trikə imza atıb.

  • "Real Madrid" – "Malmö" 8:0 (2015): İspaniya təmsilçisinin heyətində Kriştiano Ronaldo dörd, Kərim Benzema isə üç qol vurub.

2024-cü il sentyabrın 17-də isə Almaniyanın "Bavariya" klubu Xorvatiyanın "Dinamo" komandasını 9:2 hesabı ilə məğlub edib. Harri Keyn həmin görüşdə dörd qol vurub.

Qeyd edək ki, "Bavariya"nın 9:2 hesablı qələbəsi vurulan qolların sayına görə daha məhsuldar nəticə olsa da, qələbə fərqi 7 top təşkil edib. "Komo" isə "Lans" üzərində 8 top fərqi ilə qalib gələrək turnirin rekordunu təkrarlayıb.

Bundan başqa, Çempionlar Liqası tarixində ən çox qolun vurulduğu qarşılaşma 2016-cı ildə keçirilən "Borussiya Dortmund" – "Legiya" matçı olub. Almaniya klubu həmin görüşdə rəqibini 8:4 hesabı ilə məğlub edib. Oyunda ümumilikdə 12 qol qeydə alınıb.

Beləliklə, "Komo"nun "Lans" üzərindəki 9:1 hesablı qələbəsi həm klubun Avropa futbolundakı debüt mövsümünün, həm də Çempionlar Liqasının tarixinin ən yaddaqalan nəticələrindən biri kimi diqqət çəkib.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən