İnyestadan nadir futbol rekordu: 962 oyunda 0 qırmızı vərəqə

 23:24 07.11.2026     125

İspaniya futbolunun və "Barselona"nın əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta peşəkar karyerası ərzində qazandığı titullarla yanaşı, nümayiş etdirdiyi nümunəvi intizamla da futbol tarixinə adını yazdırıb.

Redaktor.az xəbər verir ki, "OneFootball" nəşrinin paylaşdığı statistikaya görə, ispaniyalı futbolçu klub və milli komanda səviyyəsində keçirdiyi 962 rəsmi oyunun heç birində qırmızı vərəqə ilə cəzalandırılmayıb.

20 ildən artıq davam edən karyerasında "Barselona", "Vissel Kobe", "Emirates Club" və İspaniya millisinin formasını geyinən İnyesta ümumilikdə 102 qol vurub və 192 məhsuldar ötürmə ilə yadda qalıb.

Karyera statistikası:

  • "Barselona" (2002–2018): 674 oyun, 57 qol, 136 məhsuldar ötürmə.
  • "Vissel Kobe" (2018–2023): 134 oyun, 26 qol, 25 məhsuldar ötürmə.
  • "Emirates Club" (2023–2024): 23 oyun, 5 qol, 1 məhsuldar ötürmə.
  • İspaniya millisi (2006–2018): 131 oyun, 14 qol, 30 məhsuldar ötürmə.

İnyesta qazandığı titullarla da futbol tarixinin ən uğurlu oyunçularından biri hesab olunur. O, peşəkar karyerası ərzində ümumilikdə 38 kubok qazanıb.

Qazandığı əsas titullar:

  • İspaniya millisi ilə: 1 Dünya Çempionatı (2010), 2 Avropa Çempionatı (2008, 2012).
  • "Barselona" ilə: 9 İspaniya çempionluğu, 4 UEFA Çempionlar Liqası, 6 İspaniya Kral Kuboku, 7 İspaniya Superkuboku, 3 UEFA Superkuboku və 3 FIFA Klublararası Dünya Çempionatı.
  • "Vissel Kobe" ilə: Yaponiya çempionluğu, İmperator Kuboku və Yaponiya Superkuboku.

Xüsusilə 2010-cu il Dünya Çempionatının finalında Niderlandın qapısına vurduğu qələbə qolu İnyestanın karyerasının ən yaddaqalan anlarından biri kimi tarixə düşüb.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında futbolçu karyerasını başa vuran 42 yaşlı İnyesta hazırda Birləşmiş Ərəb Əmirliklərinin Birinci Divizionunda çıxış edən "Qalf Yunayted" (Gulf United) klubunun baş məşqçisidir. O, 2026-cı ilin iyununda bu vəzifəyə təyin olunub.

Turan ASLAN

Vumart və Güvən reklamı Vumart Güvən